“Azadlıq” qəzetinin çətin vəziyyətdə olması bütün vicdanlı insanları narahat edir, qəzetin fəaliyyətinin dayandırılmaması üçün insanlar imkanları daxilində dəstək olmağa çalışır.
Qəzetimizə daha bir dəstək siyasi məhbus Tofiq Yaqubludan gəldi. Tofiq bəy həbsdə olmasına baxmayaraq həmişə prinsipial məsələlərə həssas yanaşır və çətin vəziyyətdə də öz vətəndaşlıq mövqeyini nümayiş etdirir.
Tofiq Yaqublunun qızı Nigar Yaqublu “facebook” səhifəsində yazır.“Bu gün ata zəng etmişdi. Hər kəsə salam söylədi. 13 saylı CM- də olan siyasi məhbuslar “Azadlıq” qəzetinin dayandırılmaması üçün öz ailələrinə qəzetə yardım etmək üçün çağırış etdilər. Hər kəsi qəzetə dəstək olmağa cağırırlar. Tofiq Yaqublu özünün sovqatı üçün xərclənən puldan qəzetə yardım edilməsini istədi. “Azadlıq” qezetinin var olması sizlərdən və bizlərdən asılıdır. Cüzi yardımlarımızla da qezeti yaşada bilərik. Dəstək olun ki, əlimizdə olan informasiya imkanımızı itirməyək”.
Xatırladaq ki, ötən gün siyasi məhbus Xədicə İsmayıl da “Azadlıq”a dəstək üçün çağırış etmişdi. Fürsətdən istifadə edib məhbus qardaşlarımıza təşəkkürümüzü bildiririk və tezliklə azadlığa çıxamlarını arzulayırıq. Sizlərin dəmir barmaqlıqlar arxasında da ortaya mövqe qoymağınız, fəfdakarlıq göstərməyiniz bizim üçün misilsiz dəstəkdir.