z qaralov

Sabiq polisdən Zakir Qaralovla  Fikrət Məmmədova şok müraciət

z qaralovKeçmiş həyat yoldaşının qətlində ittiham olunaraq həbs edilən Samir Əliyev baş prokurora və ədliyyə nazirinə nələr yazıb?

2015-ci ilin iyulunda qətlə yetirilən Natavan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev baş prokuror Zakir Qaralovla ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.  Həyat yoldaşı Zəminə Əliyeva həmin müraciətlərin surətlərini redaksiyamıza təqdim edib.

Samir Əliyevin baş prokurora və ədliyyə nazirinə yazdıqlarını təqdim etməmişdən əvvəl xatırladaq ki, dünənki sayımızda onun qəzetimizə müraciəti dərc edilmişdi. Samir Əliyev həmin müraciətində işgəncələrə məruz qaldığını, keçmiş həyat yoldaşının qətlinin onun üzərinə qoyulduğunu iddia edir. Samir Əliyevin bundan əvvəlki müraciətində olduğu kimi Zakir Qaralovla Fikrət Məmmədova yazdıqlarında da kifayət qədər ciddi ittihamlar var. Müraciəti təqdim edirik: “26.01.2016-cı il tarixdən istintaq orqanına etiraz olaraq  olaraq aclıq elan etsəm də, nə təcridxana rəhbərliyi, nə də istintaq orqanı buna əhəmiyyət verdi. Qanunvericiliyə görə aclıq etdiyim gündən üzərimə həkim nəzarəti təyin edilməli olduğu halda mən sanki qəsdən 8 gün ərzində yemək yeyənlərlə bir yerdə saxlanıldım ki, aclıqdan imtina edim. Ayrı saxlanılmağımı hətta rəis müavini Ilham müəllimdən xahiş etsəm də, əhəmiyyət verən olmadı.

“Özümü öldürmək üçün 90 ədəd həb içdim”

03.02.2016-cı il tarixdə artıq bu işgəncələrə və hüquqlarımın pozulmasına dözə bilmədiyim üçün özümə qəsd etmək qərarına gəldim. Əvvəlcədən əlimə yığdığım 90 ədəd dərman həbini korpus nəzarətçilərinin gözləri qarşısında qəflətən qəbul etdim. Mane olmağa çalışsalar da, qəflətən olduğu üçün heç kim bu hərəkəti məndən gözləmirdi. Qəbul etdiyim dərmanlar mənim üçün öz vəsaitim hesabına aldırdığım və kamerada saxladığım 30 ədəd “Tripliksam”, 20 ədəd “Enap”, 20 ədəd “Pentalqin”, 20 ədəd “Spazmalqon” həbləri idi. Neçə gündür aclıq etdiyimi dediyim rəis müavini Ilham dərhal məni qəbul etdi, mən isə özümə qəsdlə bağlı yazdığım yazını və səbəbləri ona təqdim edərək vəkilimi tələb etdim. “Ölümümdə istintaq günahkardır” sözlərini yazdığım yazını Ilham müəllimə təqdim etdim. Artıq dərmanların təsirindən başgicəllənmə və ürəkbulanma başlamışdı. Məni cərimə təcridxanasına apararaq heç bir tibbi yardım göstərilmədən dəmir çarpayıya qandalla bağladılar. 03.02.2016-cı ildə saat 16:00-dan 04.02.2016-cı il saat 10:00-a qədər məni çarpayıya bağlı saxladılar. Mədə-bağırsaq sisteminin yuyulmasına, toksik zəhərlənməyə qarşı tibbi yardıma ehtiyacım olduğu halda çarpayıya bağlanmış halda saxlanıldım və heç bir tibbi müayinə və yardım görmədim. Mədəmin ağrısından nəfəsim kəsilirdi, qolumun heç olmasa birini açmalarını, su vermələrini xahiş etsəm də, kobud rəftar və təhqirlərlə qarşılaşdım. yalnız Nazim adlı əməkdaş mənə çoxlu su verərək mədəmdə olan ağrıların azalmasına əlindən gələn köməyi etdi. Əlimi açmağa icazə vermədikləri üçün Nazim özü su verirdi. Səhərə qədər bu ağrılarla yandım. 04.02.2016-cı ildə tarixdə saat 10:00-da əməliyyat şöbəsinin rəisi Ilqar müəllim məni qəbul etdi və dedi ki, müstəntiqin və vəkilin gələcək. Həkimə ehtiyacım olduğunu bildirsəm də, hamı kimi o da yalandan söz verdi.

“Rəhbərliyin göstərişi belədir”

Saat 11:00-dan təxminən 19:00-a qədər vəkilimin iştirakı ilə dindirildim. 7 aydır ki, üzünü görmədiyim Aslan Ibrahimov özümü öldürmək həddinə çatdırdıqdan sonra nəhayət ki, gəlmişdi. Ortada yandırılaraq xüsusi amansızlıqla öldürülmüş insan meyidi olduğu halda məni həmin insanı öldürməyə cəhddə təqsirləndirən Aslan Ibrahimovu Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə kimsə təqsirləndirəcəkmi? 04.02.2016-cı il saat 19:00-da dindirmədən sonra məni kameraya yox, yenə də cərimə təcridxanasına gətirdilər. Səbəbi izah olunmadan və qərarla tanış olmadan mənə 3 sutka cərimə təcridxanası cəzası verildiyini dedilər. Həkimə ehtiyacım olduğu halda heç bir tibbi yardım göstərilmədən mənə cəza verilməsinin qanuni əsaslarını soruşdum və “rəhbərliyin göstərişi belədir” cavabını aldım. 06.02.2016 tarixə qədər heç bir səbəb olmadan cərimə təcridxanasında saxlanıldım. Dəfələrlə həkim müayinəsi və tibbi yardım tələb etsəm də, bircə dəfə də olsun tibbi yardım və müayinə görmədim, əvəzində kobud rəftar, təhqir gördüm. Saxlandığım 1 saylı cərimə kamerasında 2 nəfərlik çarpayı olduğu halda 4 nəfər saxlanılırdıq: Abbasəli, Zaur, Fikrət və mən. Abbasəli təcridxanada hansısa qayda pozuntusuna görə gətirilmiş, Zaur Gəncə həbsxanasından “etap” olunmaq üçün gətirilmiş, Fikrət isə Amerika vətəndaşı olduğunu bildirərək yeni həbs olunaraq karantin üçün saxlanılmışdı. Çoxsaylı etirazlardan sonra Abbasəlinin yerini başqa kameraya dəyişsələr də, 3 nəfər 2 nəfərlik kamerada əzab verməklə saxlanıldıq.

“Səhhətim günü-gündən ağırlaşır”

06.02.2016-cı ildə saat 11:00-da məni kameraya qaytardılar. Hələ də bu günədək mənə heç bir tibbi müdaxilə olunmayıb. Yediyim hər şeyi qusuram. Öz hesabıma müayinədən keçrilməyim üçün rəhbərliyə rəsmi ərizə ilə müraciət etmişəm. Yəqin ölməyimi gözləyirlər. Qeyd etdiyim özünəqəsd hadisəsi güman ki, təcridxananın təhlükəsizlik kameralarına düşüb. Adlarını çəkdiyim şəxslər də şahid olarlar. Cərimə təcridxanasının Nazim, Mehdi adlı əməkdaşları, 5-ci korpusun Ruslan, Əbdül, Aydın adlı əməkdaşları, Fəqan adlı rəis müavini (ədliyyə mayoru) mənə münasibətdə etik normalara uyğun, xüsusi qayğı ilə rəftar etdikləri üçün onlara minnətdaram. Tibbi yardım tələb etsəm də, etinadsız, kobud münasibət göstərdiklərinə görə cərimə təcridxanasında xidmət edən Intiqam, əməliyyat şöbəsində xidmət edən Ilqar və Nizami, rəis müavini Ilham və s. əməkdaşların cəzalanmasını xahiş edirəm.

Səhhətim günü-gündən ağırlaşır. Xahiş edirəm təqsirim olmadığı halda, məni bu vəziyyətə salan Aslan Ibrahimov adlı müstəntiq barədə və təcridxanada tibbi yardıma ehtiyacım olduğu halda heç bir tədbir görmədən, əksinə kobudluq edən bəzi əməkdaşlara qarşı qanuni tədbirlər görülməsi üçün göstəriş verilsin. Fakt üzrə araşdırma aparılsın, cinayət işi başlansın”.