Saakaşvili hakimiyyəti necə ifşa etdi?

eliyev-sakashviliVətəndaşa düşmən münasibətin daha bir nümunəsi

Azərbaycan hakimiyyətinin anti-xalq mahiyyəti hamının bildiyi həqiqətdir. Hər dəfə təsdiqlənir ki, hakimiyyətin bütün addımları sadə vətəndaşın ziyanına, dövlət maraqlarının əleyhinədir. Məhz buna görə də bu gün Azərbyacan bütün parametrlər üzrə sonuncu yerdədir.

Bugünlərdə isə Gürcüstanın eks-prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili “Rustavi-2″ kanalına müsahibə verdi və Azərbaycan hakimiyyətinin mahiyyətini bir daha xatırlatdı: ”Azərbaycan öz əhalisinin yarıdan çoxunun qazını kəsdi və bizi qızdırdı. Doğrudanmı bizim yaddaşımız belə qısadır?! 2005-ci ildə “Qazprom” bütün Gürcüstanın qazını kəsdi, xirtdəyimizdən yapışdı, Azərbaycan isə öz əhalisinin yarıdan çoxunun qazını kəsib bizi qızdırdı. Sonra bizə elə müqavilə və elə ucuz qaz verdi ki, dünyada heç kim belə ucuz qaz almır” – deyə Saakaşvili bildirir.

Təsəvvür edin ki, həmin dövrdə Azərbaycanın daha çox bölgəsi qazsız idi və insanlar daha çox əziyyət çəkirdi. Hakimiyyət isə öz biznes maraqları naminə əhalinin qazını xaricə satırdı. Heç bir normal hökumət öz vətəndaşına qarşı bu qədər qəddar ola bilməz. Məsələ burasındadır ki, 2005-ci ildə 11 il ötür və bu gün də Azərbaycan əhalisi qazsızlıqdan əziyyət çəkir. Hətta qazlaşdırılmış ərazilərdə də qaz verilişi tez-tez dayandırılır, yaxud çox zəif qaz verilir. Amma hakimiyyət Gürcüstandakı erməni kilsələrinə hələ də pulsuz qaz verir. Saakaşvilinin “Azərbaycan xalqının qazından kəsib bizə verirdilər” etirafı, əslində bu hakimiyyətin ifşasıdır. Bəli. Dünyaya qaz satan ölkənin vətəndaşları hələ də qaz problemi yaşayır. Bir neçə gün öncə redaksiyamıza müraciət edən məcburi köçkünlər 3 aydır qazsız qaldıqlarını bildirirdilər, həm də bu köçkünlər Bakının Binəqədi rayonunda məskunlaşıblar.

Mixail Saakaşvilinin etirafı da göstərir ki, hələ uzun illər öncədən hakimiyyət vətəndaşı aldadırmış, ağır sınaqlara çəkirmiş. Çünki, həmişə qaz problemi yarananda “təmir gedir”, “partlayış olub”, “hələ qış rejiminin qazı verilməyib” kimi arqumentlərlə vətəndaşı aldadıblar. Eyni zamanda məlum olub ki, “qənaət edirik” deyəndə də qazı xaricə satırmışlar. Necə ki, ARDNŞ prezidenti “hər manatın qədrini bilməliyik” deyib, Londonda milyonluq ziyafət verir.

Ümumiyyətlə, hakimiyyət bütün prinsipial məqamlarda vətəndaşa arxadan zərbə endirib. Bəli, dollarla krediti olanlara güzəşt edilmədi, qiymətlərin aşağı salınacağı vədi özünü doğrultmadı, əmək haqlarında artım olmadı, təhsil haqlarını azaldılmadı və s. Əvəzində mənasız layihələrə milyardlar xərcləndi, ölkə vətəndaşı borc bataqlığına atıldı.

Xülasə, Saakaşvili bir daha xatırlatdı ki, Azərbaycan hakimiyyəti öz vətəndaşının haqqını oğurlayıb, başqalarına verir. Təsəvvür edin ki, qazımız olduğu halda bu vəziyyətdəyik, əgər qazı başqa ölkələrdən almış olsaydıq vəziyyət daha acınacaqlı olardı. Hakimiyyəti xalq seçməyəndə, bazar təfəkkürlü adamlar iş başında olanda, korrupsiya dövlət siyasətinə çevriləndə nəticə belə olur.

Samir