Avropa Parlamentinin deputatı bu ölkədəki repressiyalara görə Azərbaycan hökumətinə təzyiqlərin vacib olduğunu deyir
Müxtəlif ölkələrin mediası öz hökumətlərini Azərbaycandakı rejimlə əlaqələrə görə mütəmadi olaraq, sərt tənqid edir. Bu qəbildən olan daha bir material Maltanın aparıcı media orqanlarından olan “Malta Today” qəzetində yayımlanıb. Kifayət qədər iri həcmli “Bizdə xaricilər üçün vergi sıfırdır, özümüz isə Xəzərin Karleonelərindən qaz alırıq: Malta xarici korrupsiyada rol oynayır?” başlıqlı məqalədə müəllif yazır ki, Avropa dünyada nisbətən az korrupsiyalaşmış məkanıdır, amma bu, o anlama gəlməməlidir ki, Avropa ölkələri digər yerlərdəki korrupsionerlərlə əlaqədə deyil:
“Maltanın vergi sistemi müxtəlif xarici şirkətlərə, hətta onlar korrupsioner rejimlərlə bağlı olduqları halda da ölkədə onların fəaliyyətinə, yaxşı gəlir əldə etməsinə hər cür şərait yaradır. Bununla da Malta qlobal korrupsiya strukturunda müəyyən rol oynayan ölkəyə çevrilir.
Təəssüf ki, Avropanın bəzi ölkələri, o cümlədən Isveç korrupsiya indeksində ən az korrupsiyalaşmış üçüncü dövlət olmasına baxmayaraq, bu ölkənin şirkətlərinin, hətta ən korrupsioner ölkələrdə fəaliyyət göstərməsi və rüşvət verməsi haqda çoxsaylı məlumatlar var”.
Müəllif Malta hökumətinin dünyada ən korrupsioner rejimlərdən sayılan Anqola prezidenti ilə əlaqələrinə də toxunur: “Anqola dünyanın ən çox korrupsiyalaşmış və avtokratik rejimlərindən biridir. Neftlə zəngin olan bu ölkə uşaq ölümlərinə görə dünyada birinci yeri tutur. 1979-cu ildən bəri Anqolanı avtokrat və korrupsioner prezident kimi tanınan Joze Eduardo Santuş idarə edir. Özünüz fikirləşin, niyə bu ölkənin dövlət almaz şirkəti ”Sodiam” Anqoladan 5000 kilometr uzaqda olan Maltada öz müəssisəsini yaradıb?
Anqolalı hüquq müdafiəçisi və jurnalist Rafael Markel de Moraeş bildirir ki, əslində, “Sodiam” şirkəti Santuş ailəsinindi. Prezidentin ailəsi Maltadakı müəssisələri vasitəsilə böyük qazanc əldə edirlər: “Ailə artıq Maltadakı saxta şirkətlər vasitəsilə özünün qeyri-şəffaf var-dövlətini gizlədə bilmir”.
Azərbaycana gəlincə, məqalədə qeyd olunur ki, Malta özünün vergi sistemi sayəsində eyni zamanda, 2007-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin də bu ölkədə fəaliyyətinə şərait yaradıb: “Maltada SOCAR-ın Cenevrədəki nümayəndəliyinə tabe olan ”SOCAR Trading Holding Ltd” fəaliyyət göstərir. Cenevrədə SOCAR nefti özünün ticarət şirkətləri vasitəsilə satır. Maltada SOCAR-ın “SOCAR&Gas International Holding”i də var. Maltanın vergi qaydaları onlara böyük vəsaitlər əldə etməyə imkan yaradıb.
Ən vacibi isə budur ki, Malta 18 illik qaz təchizatını SOCAR-ın həyata keçirməsinə icazə verib. Onlar təbii qaz müəssisəsini elektroqaz konsorsiumu ilə birlikdə tikəcəklər.
Maltanın Azərbaycanla əməkdaşlıq etdiyi bir vaxtda bu ölkədə demokratik dünyəvi müxalifət, müstəqil mətbuat və vətəndaş cəmiyyəti repressiyalar altındadır”.
Avropa Parlamentinin Maltadan olan deputatı Miriam Dalli “Malta Today” qəzetinə deyib ki, fundamental insan hüquq və azadlıqlarına qarşı aparılan repressiyalar harda baş verməsindən asılı olmayaraq, qəbuledilməzdir: “Bu, mənim inandığım prinsipdir. Avropa Parlamenti 10 sentyabr 2015-ci ildə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməməsi, insan haqlarının sahəsindəki pozuntularla əlaqədar qətnamə qəbul edib: ”Bu cür təzyiq siyasi məhbuslardan Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun həbsdən buraxılması ilə nəticələndi. Əlbəttə, bu, müsbət addımdır, amma görüləsi çox iş var. Hesab edirəm ki, Avropa Ittifaqı, təşkilatın üzvü olan ölkələrin liderləri və beynəlxalq ictimaiyyət insan haqları sahəsində vəziyyətin yaxşılaşması üçün insan haqlarını pozan ölkələrə, o cümlədən Azərbaycana təzyiqləri davam etdirməlidir. Mən əminəm ki, Maltanın baş naziri Jozef Muskat da müxtəlif ölkələrin hökumət başçıları ilə insan haqları problemini müzakirə etməkdən çəkinmir. Ölkələrin təcrid olunması vəziyyətin daha da pisləşməsilə nəticələnə bilər. Daimi əlaqələr və dialoq o ölkələrdə dəyişikliklərə daha çox imkan yaradır. Azərbaycan xüsusən enerji sahəsində Avropa Ittifaqının güclü iqtisadi və ticarət tərəfdaşıdır. Dekabrın 9-da Avropa Birliyi bəyan etdi ki, Azərbaycanla bundan sonra da münasibətlərin genişlənməsi və dərinləşməsinə hazırdır. Avropa Ittifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli ticarət münasibətləri və iqtisadi layihələrin olması insan hüquqları problemilə əlaqədar ciddi təzyiqlərin göstərilməsini istisna etməyəcək. Malta da Avropa Birliyinin üzvü kimi bu məsələdə iştirak etməyə bilməz”.