muzeffer baxis

Kreditin yandırdığı vətəndaşlar

muzeffer baxisKredit borcunu ödəmədiyindən intihar edənlərə görə kimlər məsuliyyətə cəlb edilə bilər?

Dünən mətbuatda kredit borcuna görə daha bir nəfərin intihar etdiyi xəbəri yayıldı. Bakı sakini 1979-cu il təvəllüdlü Bəkirov Eldar Akif oğlu sərxoş vəziyyətində üstünə benzin tökərək özünü yandırıb. E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib.

Ümumiiyyətlə ötən ilin fevralın 21-dən sonra kredit borcuna görə intihar edənlərin sayı artıb. Səbəb iş yerlərini itirən vətəndaşların banklar tərəfindən sıxışdırılmasıdır. Xüsusilə dollarda kreditləri olan şəxslərin borcları iki devalvasiyadan sonra daha da artıb.

Məsələn, 2015-ci il avqustun 10-u Dənizkənarı Milli Park ərazisində dənizə ataraq intihar edən Ağayev Pərvin Elşən oğlunun ölümünə səbəb məhz kredit borcu olub.

Bu kimi xəbərlər artıq adi hal almağa başlayıb. Baş verən hadisələrlə bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başladılsa da, heç kim məsuliyyətə cəlb olunmur.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, konrket olaraq kredit borcu olan şəxs borcunu ödəyə bilmədiyinə görə, özünü yandırırsa, buna görə kimisə cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil. Ekspertin sözlərinə görə, Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə asılı olduğu şəxslə mütəmadi olaraq amansız rəftar etmə, onun ləyaqətini alçatma, onu sui-qəsd həddinə çatdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur: “Istintaq orqanı iki halı sübut etməlidir. Birinci, sübut etməlidir ki, zərərçəkmiş şəxs bankdan xidməti, maddi və s. cəhətdən asılı idi. Zərərçəkmiş şəxslə bank arasında heç bir asılılıq yoxdur. Çünki onlar kredit müqaviləsi bağlayırlar və onlar müqavilənin tərəfləridir. Müqavilənin şərtlərinə görə zərərçəkmiş şəxs bankdan pul götürüb və onu ödəməlidir. Asılılıq yoxdur. Asılılıq olsaydı heç bir müqavilə bağlana bilməzdi. Çünki hüququn prinsiplərindən biri də müqavilələr azadlığıdır”.

M.Baxışov onu da bildirdi ki, bank işçiləri tərəfindən kredit götürən şəxslərlə amansız rəftar etmə, onların şərəf və ləyaqətini alçatma varsa belə, xidməti, maddi və sair asılılıq olmadığına görə bankın hər hansı vəzifəli şəxsini məsuliyyətə cəlb etmək mümkün deyil. Cinayət Məcəlləsinin müddəalarına görə, krediti götürən şəxslər zənn etməsinlər ki, onlar özlərinə qəsd etdikdən sonra bankın hər hansı vəzifəli şəxsi məsuliyyətə cəlb ediləcək. Amma istənilən halda intihar hadisəsi baş veribsə və ölüm faktı varsa, cinayət işi başladılmalıdır. Çünki bəlkə baş verən hadisənin səbəbi başqadır. Ona görə baş verən hadisə hərtərəfli, obyektiv araşdırılmalıdır.

Hikmət