Bakının Hökməli, Qobu, Güzdək, Lökbatan və Puta qəsəbələrini birləşdirən magistral avtomobil yolunun Hökməlidən keçən hissəsi çox bərbad vəziyyətdədir. Piyadalar üçün ümumiyyətlə yol yoxdur, avtomobil yolunda isə keçilməsi mümkün olmayan çalalar əmələ gəlib.
Bu barədə “Azadlıq” qəzetinə qəsəbə sakinləri adından daxil olan məktubda bildirilir.
Məktubda qeyd olunur ki, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün çirkab sular magistral yola axıdılır. Bu isə yay-qış üfunətli, çirkab sularla dolmuş gölməçələr əmələ gətirir.
“Bakının 10 kilometrliyində yerləşən bir qəsəbədə bu cür vəziyyətin mövcud olması utnac vericidir. Keçən il Prezidentin Yardım Fondundan yolun təmirinə vəsait ayrılsa da, qalın və keyfiyyətli asfalt örtüyü daha nazik və keyfiyyətsizi ilə əvəz edildi. Ayrılmış vəsaitin mənimsənilməsi nəticəsində qəsəbə sakinləri acınacaqlı vəziyyətlə üz-üzə qaldı. Bütün instansiyalara – Abşeron Rayon icra Hakimiyyətinə, Azəryolservisə, Nəqliyyat Nazirliyinə, Azərsu ASC-yə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və s. şikayət olunsa da, heç bir reaksiya yoxdur”, – deyə şikayət məktubunda yazılır.