D18 Hərəkatının İdarə Heyətinin bir qrup üzvü “Azadlıq” qəzetinin redaksiyasını ziyarət edib. Hərəkat qəzetin çətin anında yanında olduğunu bildirərək, qəzetə abunə olmaqla öz dəstəyini bildirib.
D18 Hərəkatı hakimiyyətin “Azadlıq” qəzetinə qarşı apardığı basqı siyasətini pisləyərək gənclərə çağırış edib.
Hərəkatın çağırışında bildirilir:
“Azadlıq” qəzeti illərdir şərlə xeyrin mübarizəsində hər zaman öndə olaraq şərə qarşı mübarizə aparıb. “Azadlıq” haqqı tapdalananların hər zaman yanında olaraq onların problemlərini heç nədən qorxmadan, çəkinmədən işıqlandırıb. “Azadlıq” bir sözlə xalqın haqq səsi olub. İllərdi hakimiyyət haqq səsini deyənləri susdurdu, susdura bilmədiklərini isə pulla satın aldı. Tək “Azadlıq” qəzeti şər qarşısında sınmadı. Bu qəzet çətinliklərə, basqılara, məhrumiyyətlərə baxmayaraq ayaqda qalmağı bacardı. Bu qəzet illərdir bizim davamızın haqq səsi olub. Bu gün bizlər o səsə dəstək olmalıyıq ki, hakimiyyət “Azadlıq” səsimizi boğa bilməsin.
Əziz dostlar, hər birimiz Azadlıq qəzetinə abunə olaq, hakimiyyətin basqı siyasətinə etirazımızı bildirək və hər birimizin qəzeti olan Azadlığı yaşadaq.