Dələduzluqla bağlı məhkumluqların “vüsəti”

Fexreddin MProblemlər və fəsadlar …

Fəxrəddin Mehdiyev

Dələduzluqla bağlı cinayətlərin və məhkumluqların dinamikası  çox düşündürücüdür.  Dövlət Statistika Komitəsinin internet mənbələrinə əsasən dələduzluq cinayəti üzrə (CM 178 – ci maddəsi) məhkumların sayı belədir:  2011-ci ildə 435, 2012-ci ildə 621, 2013-cü ildə 687, 2014-cu ildə 904 şəxs.  Statistik rəqəmlərdən görünür ki, illər üzrə həmin cinayətlərin artımı davam edir və bu rəqəmlər  kədərli mənzərə yaradır və ciddi düşünməyə əsas verir.   Çünki həmin cinayət mənəvi mühitin də göstəricisidir, xalqımızı  hörmətdən, ölkəmizi nüfuzdan salır.

Bu məsələnin başqa cəhəti də ondan ibarətdir ki, sahibkarlıq fəaliyyəti biznes mühitində inkişaf edir  və biznes mühitinin əsas amili də biznes etikasıdır.  Xarici sərmayəçilər biznes etikasını da ölkədəki  cinayətlərin struktur və dinamikasına görə qiymətləndirirlər. Bu baximdan  statistik rəqəmlər xarici sərmayənin, xüsusi ilə də kiçik və orta biznesə sərmayənin qarşısını alır.

Qənaətimiz belədir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinin məzmununda və onun tətbiqində böyük və ciddi poblemlər mövcudur, ona görə də  reallığı qətiyyən əks etdirmir.  Həmin maddənin yenidən işlənməsinə və ya rəsmi təfsirnə zərurət vardır.

Həmin cinayətlərin artımı nə ilə bağlıdır?!

Birincisi, dələduzluq cinayəti də digər iqtisadi xarakterli cinayətlər kimi iqtisadi münasibətlərin qanunauyğunluqlarının pozulmasının nəticəsidir. Maddi nemətlərin bölgüsündəki kəskin disproporsiya, yoxsulluq, işsizlik və.s amillər də buraya aiddir.  Bu daha çox iqtisadi  xarakterlidir.

Lakin  konkret olaraq hazırki şəraitdə subyektiv amillərin də rolu böyükdür. Belə ki,   dələduzluq cinayətinin ictimai təhlükəliliyini şərhləndirən amillərdən biri və əsası maddi zərərdir.    Özlüyündə maddi zərər ödənildikdən sonra bu cinayətin ictimai təhlükəliliyi demək olar ki, aradan qalxır və cinayət işinə xitam verilməsinin əsasları yaranır.  Lakin çox təssüf ki, istintaq-məhkəmə təcrübəsində bu baş vermir, yəni təqsiriləndirlən şəxs maddi zərəri tam ödədikdən sonra belə  cinayət məsuliyyətindən azad edilmir, başlanmış cinayət işi bütün hallarda  məhkəməyə  göndərilir və təqsirləndirlən şəxs barəsində   ittiham hökmü çıxarılır, şəxs üçün  məhkumluq yaranır.  Acınacaqlı hal ondan ibarətdir ki, bəzən məhkəmələr maddi zərərin ödənilməsini , yüngülləşdirici hal kimi nəzərdən keçirir və hətta təqsirləndirlən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edir.  Qanunda bu baxımdan aydınlıq, müəyyənlik, konkretlik olmadığından cəzaların təyinində  sui-istifadələrə  yol verilir, qanununsuz və ədalətsiz hökümlər çıxarılır, eyni zamanda dələduzluq cinayətləri üzrə məhkum olmaların sayı artır və belə kədərli statistik rəqəm yaranır.

Ona görə hesab edirik ki, bu məsələyə dövlətçilik təfəkküründən baxılmalıdır, dələduzluq və bir sıra iqtisadi xarakterli cinayətlər üzrə maddi ziyan ödənildikdən sonra cinayət işinin hər  hansı mərhələsində cinayət təqibinə xitam verilməlidir. Qanunvericilik  bu məsələni qəti formada tənzimləmələdir.

İkincisi,  təcrübədə mülki xarakterli işlərin,  xususi ilə borc münasibətlərindən yaranan mübahisələrin  dələduzluq cinayətinin müstəvisinə keçirilməsi halları da genişlənir. Görünür bu, onunla əlaqədardir ki, mülki işlərin baxılmasındakı məhkəmə mərhələlərindəki aylarla, bəzən illərlə davam edən  uzun müddətlər, məhkəmə qətnamələrinin icrasındakı süründürməçilik  iddiaçıya məsələni tez həll etmək üçün  polis orqanlarına müraciətə sövq edir.  Bu zaman çox vaxt mübahisənin motiviləri araşdırlmadan şəxsi maraqlarla cinayət işləri başlanır, cinayət işi məhkəməyə göndərilir  və ittiham hökmləri çıxarılır.

Borc mübahisələrinin bu sahədəki yayılmış formalarından biri də gizli sələmçilikdir.  Gizli sələmçilər bir qayda olaraq maddi cəhətdən imkanlı şəxslərdir və belə işlərdə “peşəkar  zərərçəkmiş” kimi çıxış edirlər.  Borclu borcu qaytara bilmədikdə  sələmçi faizləri artırmaqda davam edir, borc  məbləği faizlə elə bir həddə çatır ki artıq borculu onu qaytara bilmir.  Bu zaman sələmçi əlaqələrindən və imkanlarından istifadə edərək dələduzluq cinayəti ilə cinayət işinin başlanmasına nail olur.  Bəzən bu zaman CM-nin 182-ci maddəsindən  (Hədə qorxu ilə tələb etmə) istifadə olunur. CM-nin 182-ci maddəsinin 1-ci hissəsində – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 2-ci hissəsində beş ildən on ildədək müddətə azadlıqdan məhrum etmə, 3-cu hissəsində on ilən on beş ilədədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. CM-nin 178 və ya 182-ci maddəsi ilə təhdid edilən borclu sələmçinin girovuna çevrilir.  Nəticədə qanunsuz  sahibkarlıqla məşğul olan sələmçi məsuliyyətə cəlb olunmalı halda havadarların köməyi ilə  “zərərçəkmiş şəxs” qismində çıxış edir. Şübhəsiz, bu əməliyyatda  ona  havadarının köməyi   təmannasız olmur. Dələduzluq üzrə cinayətlərin artmasının yollarından biri də budur.

Üçüncüsü,   dələduzluq cinayətlərinin  töfsifinə təsir edən maddi zərərin məbləğinin də iqtisadi və məntiqi əsası başa düşülən deyil. Belə ki,  Cinayət Məcəlləsinin 177-187, 189 və 189-1-ci maddələrində xeyli miqdar dedikdə min manatadan yeddi min manatadək olan məbləğ, külli miqdar dedikdə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.  Həmin məbləğlər hansı meyarlar əsasında müəyyən edilir? Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə, yəni min manatdan yeddi min manatadək olan məbləğə görə üç ildən yeddi ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.  Yeddi min manatdan artıq olan məbləğə üçün yol verilmiş cinayətə görə (CM-nin 178.3 m)  7 ildən   12 ilə dək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Qeyd edilmiş məbləğlərlə uyğun olaraq müəyyən edilən cəzalar adekvatdırmı?!  Hesab edirik  ki,  qətiyyən adekvat deyildir.   Çünki böyük miqdarda dələduzluq  Bank   sektorlarında, MTK-larda və.s baş verir.  Böyük miqyaslı dələduzluq hərəkətləri ilə  vətəndaşlara və dövlətə dəyən maddi  zərər milyon manatlarla ölçülür.  Bu nəhəng məbləğlərin qarşısındakı cəza adekvatdır mı?! Hesab edirik ki qətiyyən  adekvat deyil. Çünki bu maddə “zəiflərə” münasibətdə çox sərt, son dərəcə ağır, “güclülərə” münasibətdə olduqca  zəifdir.  Demək olar ki ” güclülərə” qarşı münasibətdə  qanunun həmin maddəsi  işləmir.

Ona görə də dələduzluq cinayətini nəzərdə tutan maddənin “zəiflərə” münasibətdə tətbiqinin diapazonu çox genişdir. “ Güclülərə “ münasibətdə isə kriminaloji səmərəsi  sifıra bərabərdir. Dələduzluq cinayətləri üzrə məhkum olmalarının sayını artıran amillərdən biri də budur.

Ümumiyyətlə, iqtisadi xarakterli, maddi tərkibli cinayətlərdə maddi zərərin ödənilməsi əsas götürülməlidir.  Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində olan, eləcədə mülkiyyət ələyhinə olan cinayətlərin anlayışlarının, cəzalarının  yenidən işlənilməsinə,  eləcədə  Cinayət Məcəlləsinin  dekriminalizasiyasına böyük ehtiyac vardır.     Həm də təxirə salınmadan!…