“Azadlıq” qəzetininredaksiyasına
“Azadlıq” qəzetinin 20 fevral 2016-cı il tarixli sayındakı
“195 Çağrı Mərkəzi pullu xidmət göstərir” başlıqlı məqaləsi ilə bağlı
Hörmətli redaksiya,
“Azadlıq” qəzetinin 20 fevral 2016-cı il tarixli sayında “195 Çağrı Mərkəzi pullu xidmət göstərir” başlıqlı yazı dərc edilib. Məqalədə 195 Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı yanlış məlumatlar yer alıb.
Vergilər Nazirliyi bildirir ki, 2003-cü ildən Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlayan 195 Çağrı Mərkəzi 2006-cı ilin may ayından etibarən respublikanın bütün regionlarından daxil olan sual və müraciətlərin qəbul edir. 2009-cu ilin sentyabrın 1-dən başlayaraq Iqtisadiyyat Nazirliyi də 195 Çağrı Mərkəzinə qoşulub.
Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306 s saylı sərəncamı ilə universal çağrı mərkəzlərinin yaradılması layihəsinə uyğun olaraq 195 Çağrı Mərkəzi2015-ci ilin fevralından Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu da “195″ Çağrı Mərkəzinə qoşulmaqla xidmət göstərməyə başlayıb.
Fəaliyyətə başladığı gündən 195 Çağrı Mərkəzinə respublikanın bütün stasionar (kənd, şəhər), yəni ev, iş telefonlarından edilən zənglər ödənişsizdir.Mobil telefonlardan edilən zənglər isə həmişə ödənişli olub və bu gün də ödənişlidir ki, bu da həmin xidməti təqdim edən mobil operatorların özəl şirkətlər olması ilə bağlıdır və özəl şirkətin göstərdiyi xidmətin dəyəri təbiidir ki, ödənilməlidir.
3 rəqəmli ödənişsiz telefon xidmətlərinə gəlincə bu, Azərbaycanda yalnız fövqəladə hallar zamanı müraciət edilən101, 102 və 103 nömrələrinə şamil olunur və həmin telefon danışıqlarının dəyərinin ödənilməsi müvafiq qaydalarla tənzimlənir.
Qəzetdə getmiş yazının müəllifi ola bilsin ki, həmin yazını təqdim etməklə hansısa şəxsi və ya cəmiyyəti çaşdırmaq məqsədi güdür və materialın yoxlanılmadan çapa verilməsi təəssüf hissi doğurur.
Analitik-informasiya şöbəsi