Sivil Toplum Platforması hakimiyyəti vəkillərə hücumu dayandırmağa çağırır
Sivil Toplum Platforması vəkil Yalçın Imanova təzyiqlərlə bağlı bəyanat yayıb. Ölkədə vəkillik institutuna qarşı total hücumu pisləyən bəyanatı qısa ixtisarla təqdim edirik:
“Bu günlərdə daha bir vəkilin – Yalçın Imanovun peşə fəaliyyəti ilə bağlı intizam məsuliyyətinə cəlb olunması üçün Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib. Yalçın Imanovun intizam məsuliyyətinə cəlb olunması tələbi onun hakimlərin və dövlət ittihamçısının verilən vəsatətlərə formal yanaşmasını söyləməsi ilə bağlıdır. Bundan əvvəl də analoji hal başqa vəkillərə qarşı baş vermişdi… Beləliklə, insan haqlarını qoruyan və peşə fəaliyyətini ləyaqətlə yerinə yetirməyə çalışan vəkillərə təzyiqlər bu gün də davam edir və artıq sistemli şəkil alıb.
Bu, bir vətəndaşın işinə görə cəzalandırılması və ya işdən çıxarılması kimi sıradan bir olay deyil. Azərbaycanda vəkillərin sayı onsuz da azdır, azsaylı vəkillərin bu şəkildə proseslərdən uzaqlaşdırılması vətəndaşlarımızı müdafiəsiz qoyur…
Azərbaycanda müstəqil vəkil birlikləri yoxdur, vəkillik bütünlüklə Vəkillər Kollegiyasının inhisarındadır. Vəkillərə basqıların, habelə, vəkillik qurumunun vəkilliyə qəbulla bağlı tətbiq etdiyi sərt qaydaların nəticəsidir ki, adambaşına düşən vəkil sayına görə Azərbaycan nəinki Avropa ölkələrindən, hətta Cənubi Qafqaz respublikalarından da geri qalır. Azərbaycanda hər 10 min vətəndaşa heç bir vəkil də düşmür. Qonşu Gürcüstanda hər 10 min nəfərə 8, Ermənistandasa 4 vəkil xidmət göstərir. Inkişaf etmiş ölkələrdə – Israildə 10 min nəfərə 50, Türkiyədə 11, ABŞ-da isə 300 amerikalıya bir vəkil düşür…”
Sivil Toplum Platformasının üzvləri vətəndaşlarımıza müraciət edir, onları güclü vətəndaş olmaq naminə vəkillərimizi dəstəkləməyə çağırır. Səlahiyyətli dövlət rəsmilərinə də ölkə Konstitusiyasının və götürülmüş beynəlxalq öhdəlikərin tələblərini icra etmək məsuliyyətini xatırladır.