Türkiyənin Uşak vilayətində eyniadlı bələdiyyə tərəfindən 2014-cü il fevralın 19-da açılışı olan Xocalı abidəsinin üzərindəki “Xocalı soyqırımının xatirəsinə” sözləri silinib. Abidədə dəyişiklik bələdiyyəyə yeni sədrin seçilməsindən sonra baş verib və diqqətlərdən yayınmayıb. Abidənin üzərindəki “soyqırım” sözü “qətliam” sözü ilə əvəzlənib.
Abidənin açılış mərasiminə o vaxtkı bələdiyyə sədri, MHP-çi Ali Ərdoğan, Azərbaycanın Istanbuldakı Baş konsulu Şəsən Zeynalov, Azərbaycan rəsmilərindən Ərəstun Mehdiyev, Xocalıdan olan deputat Elman Mehdiyev də qatılmışdı. MHP-çi sədrin gedişindən sonra bələdiyyə rəhbərliyinə AKP-dən olan Nurullah Cahan gəlib. Cahanın ilk işi abidənin üzərində məlum dəyişikliyi etdirmək olub.
Təbii ki, qətliam da insanlıq əleyhinə qorxulu cinayətlərdəndir. Lakin Xocalıda baş verənlər qətliam yox, soyqırımdır. Hər soyqırımın tərkibində bir qətliam var. Amma hər qətliam soyqırım demək deyil.
Əslində Xocalıda yaşananlar soyqırımdan da betər idi.
Beləliklə, məlum xəbəri alan kimi məsələyə bələdiyyə rəhbərliyinin aydınlıq gətirməsini istədik. Əvvəlcə Uşak bələdiyyəsinin mətbuat xidməti ilə əlaqə yaratdıq. Mətbuat xidməti bu məsələ barədə onlara bundan əvvəl də müraciət olunduğunu, lakin belə bir şeyin olmadığını bildirdi.
Bu xəbərə sevindiyimizi, belə əsassız iddiaları ortaya atanların iki ölkənin qardaş münasibətlərini hədəf aldığını bildirdik və mətbuat xidmətindən abidənin son fotosunu istədik.
Qarşı tərəfdən “Təbii ki. Məmnuniyyətlə göndərərik” cavabını aldıq. Iki gün sonra təkrarən əlaqə saxlayanda isə abidənin şəhərdən kənarda yerləşdiyini və hələ şəklini çəkə bilmədiklərini bildirdilər. Və bizə bələdiyyə sədrinin mətbuat katibi ilə əlaqə saxlamığı tövsiyə etdilər. Mətbuat katibi Seyfullah Furtunaya zəng etdik. Yerində olmadığını dedilər. Sualımızla bağlı qeydiyyat götürdülər.
Bildirdik ki, bələdiyyə sədrinin bu böhtanı ifşa etməsi onun özü üçün də faydalı olar. Bu dəfə də bizi axtaran olmadı. Üç gün sonra təkrar zəng etdiyimizdə Seyfullah bəyin şəhərdə olmadığını, lakin məsələnin ona çatdırıldığını dedilər. Üzr istəyib, ən qısa zamanda əlaqə saxlayacaqlarını bildirdilər. Yenə də xəbər çıxmadı. Və məsələni özümüz araşdırmağa qərar verdik.
Uşakdakı millətçi gənclərdən birini tapıb ondan abidənin fotosunu çəkib bizə göndərməsini xahiş etdik.
Çəkilən fotolar bizi heyrətə gətirdi. Gerçəklər ortaya çıxmışdı. Həm o boyda bələdiyyə tərəfindən aldadılmışdıq, həm də utancverici bir vəziyyətlə üzləşmişdik. “Soyqırım” sözü həqiqətən də “qətliam”la əvəz edilmişdi.
Fotoları alandan sonra yenidən bələdiyyə sədri ilə əlaqə saxladıq. Yenə Seyfullah bəyin yerində olmadığını dedilər. Bizə niyə yalan məlumat verildiyi ilə bağlı izahat istədim. Məsələyə aydınlıq gətirməyəcəkləri təqdirdə hadisə ilə bağlı söz demək haqlarını itirəcəklərini də xatırlatdıq. Yenə də əlaqə saxlamadılar.
Halbuki etiraf edə və Türkiyədə Xocalının soyqırım kimi qəbul edən bir qanunun olmadığı üçün belə davrandıqlarını deyə bilərdilər.
Əvvəldə də qeyd etdiyim kimi, abidə xüsusi mərasimlə açılmışdı və orada Azərbaycan rəsmiləri də iştirak etmişdi. Maraqlıdır, onların niyə bu dəyişiklikdən xəbərləri olmayıb?! Olubsa, niyə heç bir reaksiya verməyiblər?!
Aydın Taş, Ankara