Elnur Ələkbərov: «MTN-də dedilər ki, Bəylər Əyyubov işə qarışıb, məsələni o, həll eləyəcək…»
Qaraçuxur qəsəbəsindəki “Cümə” məscidində törədilmiş yanğınla bağlı məhkəmə prosesində xeyli maraqlı məsələlər üzə çıxıb. Məhkəmə prosesində bu iş üzrə həbs olunanların MTN-də işgəncələrə məruz qalmasından tutmuş, orada Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adının hallandırılmasına qədər bir çox fikirlər səslənib.
2014-cü il noyabrın 26-da baş vermiş yanğınla əlaqədar iki nəfər məhkəmə qarşısına çıxarılıb – Namiq Nəsibov və Elnur Ələkbərov. Onlara qarşı CM-nin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz olaraq odlu silah-sursat saxlama) maddələrilə ittiham irəli sürülüb. Onlar yandırıcı maye ilə dolu şüşələri atmaqla məsciddə yanğın törətməkdə təqsirləndirilir.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyilə baxılır. Artıq iş üzrə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Namiq Nəsibovunÿ17 il, Elnur Ələkbərovun isə 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Dünənki məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Elnur Ələkbərov son sözünü deyib. O, çıxışında MTN-də məruz qaldığı işgəncələrdən danışıb: “MTN əməkdaşları məni tutdular, dedilər ki, ”600 min manat ver, səni buraxaq”. Lakin mən razı olmadım. Onlara günahsız olduğumu dedim. MTN-də bizi elə döymüşdülər ki, bizdə hal qalmamışdı. Tələb edirdilər ki, dostlarımızın da adını çəkək, onların da cinayətdə iştirak etdiyini deyək. Şəxsən mənə MTN-də müstəntiq Vüqar Əliyevin gözünün qarşısında elektroşok verdilər. Ittiham aktında yazılıb ki, guya, bizdə silahlar olub. Yalandır. Mən MTN əməkdaşlarının bu yalanları ucbatından indi buradayam. Cənab prezident bilmir ki, MTN-də bizə hansı işgəncələr verilib. Mənim ailəm və xalq MTN-ə niyə inanmalıdır? Cənab prezidentin MTN-in haqsızlıqlarını görəcəyinə inanırdım. Elə də oldu, MTN-nin rəhbər şəxsləri həbs edildi…”
MTN-də maskalı şəxslər tərəfindən döyüldüklərini deyən Elnur Ələkbərov işgəncə verənlərin, eləcə də işi aparan müstəntiqin cəzalandırılması üçün dövlət başçısına müraciət etmək niyyətindədir. Özünün də vaxtilə xüsusi xidmət orqanında işlədiyini və terrora qarşı mübarizədə fəal iştirak etdiyini bildirən Elnur Ələkbərov terrorizmə nifrət etdiyini vurğulayıb.
Elnur Ələkbərov MTN əməkdaşlarının Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adını hallandırdığını da qeyd edib: “Mənə zorla ərizəyə qol çəkdirdilər, dedilər ki, ”narahat olma, ağsaqqal danışıb”. Dedim, ağsaqqal kimdir? Cavab verdilər ki, Bəylər müəllim. Onlar mənə dedilər ki, “ağsaqqal işə qarışıb, məsələni həll eləyəcək”. Bunu anama da demişdilər…”
Elnur Ələkbərov məscidin yandırılmasında iştirak etmədiyini bildirib. Qeyd edib ki, özünü yalnız cinayət törədildiyini bilib, bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməməkdə günahkar hesab edir: “Mən hadisə günü dostum Maarifgildə oturmuşdum. Namiq Nəsibov gəlib dedi ki, bir yer var, mənimlə gedək. Onunla yalnız taksidə getmişəm. Yolda düşüb getdi. Sonradan bildim ki, məscidi yandırıb. Mən o hadisədə iştirak etməmişəm. Hadisə günü məscidin kameralarının çəkdiyi kadrlardan da görünür ki, mən orada olmamışam. Mənim günahım yalnız hadisədən sonra baş verənləri hüquq-mühafizə orqanlarına xəbər verməməyim olub. Namiqin məscidi yandıracağını bilmirdim”.
Cinayət işinin materiallarında onlar həm də PKK-çı kimi təqdim edilib. Elnur Ələkbərov buna etiraz edib. Bildirib ki, kürd olsa da, PPK-çı deyil: “Biz kürdlər həmişə bu dövlətə sadiq olmuşuq. Möhtərəm hakim, Azərbaycanda yaşayan kürdlər adından sizdən xahiş edirəm, mənim barəmdə bəraət qərarı verəsiniz”.
Digər təqsirləndirilən Namiq Nəsibov isə dərman qəbul etməli olduğunu deyib və son söz üçün vaxt istəyib.
Qeyd edək ki, Namiq Nəsibovun vəkili onun psixi problemləri olduğunu bildirib və məhkəmədən onun məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarılmasını istəyib.
Məhkəmə prosesi fevralın 29-da davam edəcək.
İnformasiya şöbəsi