Pərviz Həşimlinin qohumunu qətlə yetirən 10 il azadlıqdan məhrum edildi
Əli Rüstəmov: «Müstəntiq və hakim oğlumun qanını pula satdı»
Həbsdə olan jurnalist Pərviz Həşimlinin qayını Kamal Rüstəmovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb. Bu barədə redaksiyamıza məlumat verən mərhum Kamal Rüstəmovun atası Əli Rüstəmov bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlunun qatili Ürfan Rzayev 10 il azadlıqda məhrum edilib.
Məlumat üçün deyək ki, Ürfan Rzayev mərhum Kamal Rüstəmovun keçmiş qaynıdır.
Əli Rüstəmov “Azadlıq”a bildirib ki, oğlunun qətlində tək Ürfan Rzayev təqsirkar deyil: “Bu işdə daha bir neçə nəfərin rolu olub. Lakin istintaq Tapdıq Rzayevin pulları sayəsində onları aradan çıxardı. Onu da qeyd edim ki, Kamal qətlə yetiriləndən sonra qarşı tərəf iddia etdi ki, guya Ürfan onu özünümüdafiə məqsədilə vurub. Istintaq da bu istiqamətdə aparıldı. Məhkəmə işi bir dəfə istintaqa qaytarıb. Çünki ekspertiza istintaqdan fərqli olaraq rəy vermişdi ki, əvvəlcə Ürfan Kamalı bıçaqlayıb.
Lakin istintaq yenə də birtərəfli aparıldı və faktiki olaraq Kamalın qanı batırıldı. Bu qətldə tamah məqsədi də olub. Amma nə istintaq, nə də məhkəmə bunu nəzərə aldı. Pulla istintaqı da, məhkəməni də aldılar. Müstəntiq Rövşən Əmrahovla hakim Elbəy Allahverdiyev oğlumun qanını pula satdılar. ”.
Əli Rüstəmov bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.