Ali Məhkəmədə araşdırmaçı jurnalist Aynur İmranovanın ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı kassasiya şikayətinə baxılıb. Jurnalistin kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Aynur İmranovanın ölkədən çıxışına 2013-cü ilin aprelində, QHT-lərə qarşı açılan cinayət işi çərçivəsində məhdudiyyət qoyulub. Baxmayaraq ki, Aynur İmranova həmin cinayət işi üzrə şahid qismində dindirilib, onun ölkədən çıxışı məhdudlaşdırılıb.
Jurnalist əvvəlcə məhkəmə nəzarəti qaydasında Nəsimi rayon Məhkəməsinə müraciət edib, ancaq onun şikayəti icraata götürülməyib. Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilmiş apellyasiya şikayətini təmin etməyib.
Daha sonra jurnalist Baş Prokurorluğa qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin aradan götürülməsinə dair” iddia qaldırıb. Həmin iş üzrə Dövlət Sərhəd Xidməti də üçüncü şəxs qismində cəlb olunub. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi altı ay davam edən prosesin sonunda iddianı mümkünsüz hesab edib. Bu qərardan verilən şikayət də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.
Jurnalsit Ali Məhkəmənin qərarını əldə edəndən sonra Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.