Nemət Əliyev: «Qəbul olunan son büdcə hökumətin növbəti ciddi devalvasiyaya başlayacağına siqnaldır»
Milli Məclis payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihələrinə dəyişiklikləri təsdiqləyib. 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub.
2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256, mln. manat və ya 15,5% çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur.
Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.
2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək.
«Neftin bir bareli 25 dollardan götürüldü»
Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 barreli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.
Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 mln. azalması hesabınadır.
İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 mlrd. 610,2 mln. manat artırılaraq 24 mlrd. 566,6 mln. manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək.
Büdcə yenə də neftdən asılı vəziyyətdədir
Bu ilki büdcədə diqqət çəkən məqamlar əsasən vergi yığımı ilə bağlıdır. Belə ki, bu ilki büdcədə vergilər xətti ilə büdcəyə gələcək maliyyə 7 milyard 10 milyon manat nəzərdə tutulub. Bu əvvəl qəbul olunan büdcə layihəsindən 408 milyon çoxdur. Eyni zamanda qeyd olunur ki, neft sektorundan büdcəyə daxil olacaq gəlir 55, qeyri-neft sektorundan isə 45 faiz təşkil edəcək. Amma qeyri-neft sektorunun 45 faizlik payında neft sektorunda çalışanların ödədikləri vergilər və sosial tutumlar da daxildir.
Büdcənin 65 faizi cari xərclər, 10 faizini dövlət borcuna görə ödəmələr və 24 faizini əsaslı xərclər təşkil edir.
Bəs qəbul olunan bu büdcə nə dərəcədə dayanıqlıdır? Vergilər qarşısında qoyulan vəzifə icra oluna biləcəkmi?
İqtisadçı Nemət Əliyev bildirdi ki, budəfəki büdcəni əvvəlkindən fərqləndirən cəhət yalnız neftin qiymətinin reallığa yaxın qeyd olunmasıdır. Yəni 2015-ci il büdcəsində neftin qiymətini 90, 2016 cı ilin əvvəlində isə 50 dollardan hesablamışdılar. Hər iki hesablamanın reallıqdan uzaq adlandıran N.Əliyev vurğuladı ki, ona görə hökumət bu rəqəmi dəyişmək məcburiyyətində qaldı. Hazırda isə neftin qiymətini 25 dollardan götürdüklərini vurğulayan iqtisadçı bildirdi ki, hökumət yalnız neftin qiymətini reallığa uyğun nəzərə ala bilib: «Amma bütövlükdə büdcənin formalaşması üçün nəzərdə tutulan mənbələr reallıqdan uzaqdır. Hökumətin hesablamalarına görə, ilin əvvəlində nəzərdə tutulmuş büdcəyə Neft Fondundan 6 milyard manatın transferti nəzərdə tutulmuşdu. Qeyd olunurdu ki, neftin qiyməti 50 dollar olacaqsa, o zaman Neft Fondu əldə etdiyi gəlirin yalnız altı milyardını dövlət büdcəsinə köçürəcək. Amma hökumət bu hesablamanı apararkən neftin istinad etdiyi qiymətini iki dəfə aşağı endirib. Məntiqlə Neft Fondundan transfert olunacaq məbləğ də iki dəfə azalmalı idi. Amma bu məbləğ azalmaq əvəzinə əksinə daha artıb. Burada ciddi ziddiyyət yaranır».
N.Əliyevin sözlərinə görə, Neft Fondundan transfert olunan vəsaitin daha da artırılması bir sıra suallar yaradır. Büdcədə əvvəl neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu məbləğ 25 dollara endirilib. Neft Fondundan transfert olunan məbləğ isə azalmadığı, əksinə artırılaraq 7 milyard 615 milyon manata çatdırıldığı halda yaranan iki dəfədən artıq fərqi kim ödəyəcək? N.ƏLiyevin sözlərinə görə, Neft Fondunun gəlirləri ilə dövlət büdcəsinə transfertlər arasında ciddi uyğunsuzluq var. «Manatın bu günki məzənnəsi Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertə uyğun deyil. Yaxud da hazırda nəzərdə tutulmuş 25 dollarla büdcəyə transfert olunacaq məbləğ dəyişmirsə, bu artıq hökumətin növbəti ciddi devalvasiyaya başlayacağına siqnaldır. Çünki neft dollarlarının miqyası azalsa da, manatla ifadə daha da artır. Bunu o halda təmin etmək mümkündür ki, devalvasiya qərarı versinlər», deyə N.Əliyev vurğuladı.
N.Əliyevin sözlərinə görə, daha bir diqqət ediləsi məqam Vergilər Nazirliyindən büdcəyə daxil olmalarla bağlıdır. Amma bu artımın mənbəsinin nəyin hesabına olacağı izah edilmir. N.Əliyevin fikrincə, hökumət blrcludur ki, ölkənin makro-iqtisadi əsaslandırmasını ortaya qoysun: «Baş verən hadisələr onu göstərir ki, hökumətin reallaşdırdığı bütün hesablamaların gerçəkliklə əlaqəsi qalmayıb. Malların, iş və istehsalın səviyyəsi kəskin şəkildə aşağı düşüb. Sahibkarlıq fəaliyyətində əhəmiyyətli azalmalar baş verib, vətəndaşların alıcılıq qabiliyyəti xeyli zəifləyib. Daxili bazarların fəaliyyəti ürəkaçan deyil. Belə olan halda Vergilər Nazirliyinin xətti ilə o qədər vəsaiti haradan təmin edəcəklər. İstehsal, gəlirlər aşağı düşürsə vergiləri nəyin hesabına bərpa etmək mümkün olacaq», deyə N.Əliyev vurğuladı.
Xəyal