Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində sadə vətəndaşların iqtisadi böhranın ağırlığı altında qalmasından yazıb. Yazını təqdim edirik.
Hökumət böhranın bütün ağırlığını əhalinin çiyinlərinə yükləyir. Qiymətlər durmadan artır. Monopolistlər bazara diktə edir. Heç bir maqnat öz gəlirindən bircə qəpik belə imtina etmək istəmir. Hökumətin devalvasiya, qiymət artımı, ölkənin sosial iqtisadi həyatını sabitləşdirmək xətti elə ciddi bir nəticə vermir.
Məlum olduğu kimi, bir neçə bankın fəaliyyəti dayandırılıb, bəziləri isə birləşdirmə adı altında maliyyə bazarından sıxışdırılır. Mərkəzi Bankın faiz dərəcələrini artırması əhalinin əmanətlərinin böyük bir hissəsini təhlükə altına qoyur, qorunmayan əmanətlərin dairəsini genişləndirir. Mərkəzi Bankın uçot dərəcəsini 5 faizə qaldırması o deməkdir ki, onsuz da heç bir sağlam iqtisadi düşüncəyə sığmayan kredit faizləri daha da artırılacaq. Yəni hakimiyyət rəsmən bahalaşmaya rəvac verir. Bu da istisnasız olaraq bütün məhsulların qiymətinin qalxmasına öz təsirini göstərəcəkdir. Bu artım eyni zamanda bazarda xüsusi çəkisi maksimum təşkil edən yerli məhsullara da aid olacaqdır. Halbuki, indinin özündə bazar od tutub yanır.
Bazarla, xüsusilə kredit bazarı ilə ayaqlaşmayanlar isə çarəni özünə od vurmaqda görürlər. Hazırda bahalaşma heç bir məhsuldan yan keçmir. Məsələn, yerli xammala və istehsala əsaslanan qablaşdırılmış su məhsullarının qiymətində 50 faizdən artıq bahalaşma müşahidə edilir. Böhran coğrafiyasına aid olan Rusiyada qablaşdırılmış su məhsullarının 5 litrinin qiyməti 80 qəpik, Qazaxstanda 88 qəpik olduğu halda bizdə bu, qiymət artımından sonra 1,7-2 manat arasında dəyişir. Türkiyədən idxal edilmiş eyni həcmdə suyun qiyməti isə 5 manat ətrafındadır. Ölkəmizdə pərakəndə qaydada satılan bir kq kartofun qiymətinə Rusiya və Qazaxstanda 4-5 kq kartof almaq olar.
Vətəndaşların əksəriyyəti 120-150 manat arasında pensiya, müəllimi, həkimi bundan bir qədər artıq əmək haqqı alır, amma qış aylarında bunun 70-80 manatını qaz pulu kimi ödəməli olur.
Dərmanların qiymətinin dövlət tənzimlənməsinin ömrü iki ay çəkmədi. Bu sahədə kəskin qiymət artımı, vətəndaşları, xüsusilə yaşlı insanları acınacaqlı duruma salıb.
Gömrük məntəqələrindən vətəndaşların 10 min dollar həcmində mal keçirə bilməsi haqqında prezident sərəncamının ömrü ikicə həftə çəkdi. Başqa bir sərəncamla yenidən bu rəqəm min dollara endirildi.
Rəhbər işçilərin kənd təsərrüfatı ilə bağlı verdikləri nəzəri məsləhətlər və yağlı vədlərdən yekə bir dissertasiya çıxar, amma reallıqda kənd və kəndli böhranın hədəfində birinci nişangah olaraq qalmaqdadır. Bu ölkənin başlıca qidasını təşkil edən çörək xammalı yüzə-yüz idxalın üzərində oturub.
Bu günlərdə iqtisadçıların hesablamaları göstərdi ki, ötən il ərzində yalnız 3 qonşu ölkə ilə ticarətdə gömrük qeydiyyatından gizlədilən vəsaitin həcmi 1.6 milyard dollar təşkil edib. Bu o deməkdir ki, dövlət büdcəsinə getməli olan küllü miqdarda vəsaitlər mənimsənilib, pullar şəxsi ciblərə gedib. Belə rüsvayçı faktlardan sonra hələ utanıb-qızarmadan gömrük orqanlarında şəffaflıqdan, qayda-qanundan danışırlar.