Bakıda 1 gündə 3 nəfər özünü yandırmaqla intihara cəhd etdi

yandirmaqBakıda bir gündə 3 özünü yandırmaqla intihara cəhd hadisəsi baş verib. Hər 3 hadisə fevralın 22-də qeydə alınıb.

Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 23 ünvanda yaşayan 1979-cu il təvəllüdlü Bəkirov Eldar Akif oğlu evinin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, özünə qəsd edərkən banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib. Qeyd edilir ki, E.Bəkirov spirtli içki aludəçisidir və özünü yandırarkən sərxoş olub.

Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən E.Bəkirovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Bir nəfər də özünü Suraxanı rayonu Hövsan qəsəbəsində yandırıb. Respublika Yanıq Mərkəzindən anspress-ə verilən məlumata görə, qəsəbənin  1983-cü il təvəllüdlü sakini Ceyhun Abdulla oğlu Abdullayev ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən 33 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Suraxanı Rayon Polis İdarəsindən hadisənin başvermə səbəblərinin araşdırıldığını bildiriblər.

***

Daha bir nəfər isə Bakının mərkəzində – Daxili İşlər Nazirliyinin qarşısında intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Abşeron rayonu Güzdək qəsəbəsinin sakini, 1971-ci il təvəllüdlü Əliyev Talıb Vəli oğlu DİN-in binası önündə üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Polis cəhdin qarşısını alıb.
İlkin araşdırma zamanı məlum olub ki, T.Əliyev Abşeron RPŞ-dən şikayətçidir.
Araşdırma aparılır.