Bakıda şagirdlərdən niyə şəxsiyyət vəsiqəsi tələb olunur?

mektebliArtıq bir həftədir ki, Bakının orta ümumtəhsil məktəblərində ibtidai və yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunur. Məlumat üçün bildirək ki, vəsiqə “ASAN xidmət” tərəfindən elektron sağlamlıq kartı, valideynlərin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə əsasında verilir. Vəsiqə üçün hər hansı ödəniş tələb olunmur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, məktəblərdə yalnız  9 və 11-ci sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunur:

“Şagird haqqında məlumatlar “Şagird-məzun” sisteminə daxil edilmədiyi üçün o, buraxılış imtahanına buraxılmayacaq. Şəxsiyyət vəsiqəsinin alınmasında xüsusi yanaşma tələb edilən problem olduqda məktəblər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edir”.

A.Tairquliyeva qeyd edib ki, digər sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunmur:

“Lakin  alınması məsləhət görülür. Bu səbəbdən “ASAN xidmət”inin səyyar avtobuslar ilə Bakı şəhərinin rayonları üzrə övladları üçün şəxsiyyət vəsiqəsi almaq istəyən şəxslərə kömək məqsədi ilə yeni layihəyə başlanılıb. Bu gün ilk olaraq 252 saylı məktəbdə Sabunçu rayonunda yerləşən məktəblərin şagirdlərinə şəxsiyyət vəsiqəsinin verilməsi üçün xidmət göstərilib. Digər rayonlar üzrə də davam etdiriləcək”.