Orta Asiya ölkələrində banklara əhaliyə xarici valyuta ilə kredit vermək qadağan edilib
Qırğızıstanda Milli Bankın yeni qərarı fevralın 28-dən qüvvəyə minəcək. Qərara görə, bundan sonra banklar istehlak və ipoteka kreditlərini yalnız milli valyuta ilə verməlidir. Hökumət bu qərarı ölkədə sürətlənən dollarlaşma prosesinin qarşısını almaq məqsədilə verib. Bundan əvvəl dollarla kredit alan vətəndaşlar devalvasiyadan sonra ağır duruma düşüb və kreditləri ödəməkdə çətinlik çəkib.
Bir müddət əvvəl eyni qadağa Qazaxıstanda da tətbiq olunub. Bu ölkədə də milli valyuta ilə maaş alanlara dollarla kredit verilmir.
Azərbaycanda bu məsələ bir neçə dəfə ayrı-ayrı mütəxəssislər tərəfindən gündəmə gətirilsə də, Mərkəzi Bank bu inzibati addımı məqsədəuyğun hesab etməyib. “Anspress”in məlumatına görə, hazırda ölkə banklarının çoxu kreditləri dollarla, hətta Rusiya kapitallı maliyyə təşkilatları isə rublla təklif edir. Buna səbəb isə əhalinin depozitlərini dollara çevirməsidir.
Məlumdur ki, 2015-ci ildə baş verən iki devalvasiya nəticəsində ölkənin ciddi zərbə alan iqtisadi həyatı, bank sektoru ilə yanaşı, ölkə vətəndaşları da külli miqdarda ziyana düşdü. Ilk devalvasiyada əhali 1,5 milyard dollar, növbəti dəfə isə onun iki mislindən çox ziyan gördü. Lakin bununla belə, dollarla krediti olanlara heç bir güzəştlər edilmədi. Görəsən, vəziyyətin getdikcə ağırlaşdığı bir vaxtda, heç olmasa, bizdə də Orta Asiya dövlətlərinin məlum addımı tətbiq oluna bilərmi? Azərbaycanda dollarla kredit qadağası mümkündürmü?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, Orta Asiyada ölkə daxilində kreditlərin milli valyuta ilə verilməsi prioritetə çevrilib. Ekspert bu addımı ölkənin, xalqın və milli valyutanın qeydinə qalmaq kimi xarakterizə edir: “Sözdə yox, real olaraq ölkə iqtisadiyyatının inkişafını istəyirlər. Harda görünüb ki, banklar milli valyutada kredit verməkdən imtina etsin?! Niyə Qırğızıstanda bunu həyata keçirə bilirlər, Azərbaycanda isə bu mümkün olmur?! Banklarımızın milli valyutada kredit verməməsi milli valyutaya inamın olmamasının göstəricisidir. Onlara agahdır ki, milli valyuta sabah daha böyük miqyasda dəyər itirəcək. Deməli, onlar ölkə iqtisadiyyatına, dövlətin, xalqın maraqlarına, sosial rifahına deyil, özlərinin korporativ maraqlarına önəm verirlər. Halbuki, ölkənin kreditləşdirilməsinin milli valyuta ilə həyata keçirilməsi iqtisadi sektorun inkişafına təkan verər və milli valyutaya olan inamı artırar”.
Ekspert hadisələrin davamı olaraq hökumətin ölkənin kreditləşdirilməsini həyata keçirə bilməməsinin yaxşı perspektiv vəd etmədiyini deyir. Çünki ölkənin gəlirləri həddindən artıq azalıb. Ümumdaxili göstəricilərdə, əhalinin gəlirlərində, ticarət və xidmət sektorunda fəaliyyət göstərənlərin gəliri əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu isə istehsal sahəsində göstəricilərin də aşağı düşməsində özünü göstərib. Ekspert vəziyyətdən çıxış yolu kimi ölkə iqtisadiyyatının pulla təminatının yaxşılaşdırılmasının vacibliyini vurğulayır: “Kreditləşmə milli valyutada, vəsaitlər bu formada olmasa, iqtisadiyyatın, ölkənin pulla təminatını yaxşılaşdıra bilməyəcəklər. Əhaliyə manatla kredit götürmək sərf edir. Əhalinin bankların xarici valyutada təklif etdiyi kreditlərdən imtina etməsi düzgündür. Ən azı, iki devalvasiya prosesi nəticəsində əhalinin kredit borcu əlavə olaraq bir milyard manatdan artıq çəkidə yüklənib. Insanlar 5 milyarddan çox vəsait ödəmək məcburiyyətində qalıb. Alıcılıq qabiliyyəti kəskin şəkildə pisləşən və gəliri azalan insanlar bunu hansı qaydada ödəyə bilər?!”
N.Əliyev əhalinin tələbatı olanı ona verməyin vaxtı çatdığını deyir. Ekspert Azərbaycanda da Qırğızıstan variantından istifadəni vacib sayır. Konstitusiya istinad edən Nemət Əliyev yalnız xarici valyutada kredit verilməsinin qanunsuz olduğunu vurğulayır və bu prosesin dayandırılmasının zəruri olduğunu qeyd edir.
Nigar