Əli Kərimli Asif Yusiflini təbrik etdi

AXCP Rəyasət Heyətinin üzvü, vicdan məhbusu Asif Yusiflinin doğum günüdür. Partiya sədri Əli Kərimli bu münasibətlə feysbuk səhifəsində Asif Yusiflini təbrik edib. Təbrikdə deyilir:

Bu gün ləyaqətli insan, Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü, hüquqşünas, vicdan məhbusu Asif Yusifli doğum gününü məhbəsdə keçirir. Asif bəy öz qətiyyəti və cəsarətilə artıq mübarizəmizin simvollarından birinə çevrilib. O hansı əzmlə Qarabağ uğrunda düşmənlə savaşa yollanmışdısa, xalqımızın azadlıq, ədalət uğrunda mübarizəsinə də eyni qətiyyətlə qoşuldu. Erməni gülləsi bədəninin bir parçasını qoparanda bu itkini hansı əzmlə qarşılamışdısa, anti-milli rejim tərəfindən yataq xəstəsi ikən şərlənib həbs edilməsini, sonra da sifarişlə 7 il müddətinə azadlıqdan məhrum edilməsini də eyni əzmkarlıqla qarşıladı. BDU-nun hüquq fakültəsində təhsil aldığı illərdə də, Qarabağ savaşında könüllü olaraq vuruşduğu zamanlarda da, AXCP sıralarında şərlə mübarizənin ön sıralarında olduğu dövrdə də özünə inamı, optimizmi, cəsarətilə ətrafdakılara nümunə oldu. Bu hakimiyyət isə belə bir vətəndaşla fəxr edib, onun haqqında film çəkdirib gənclərə təbliğ etmək əvəzinə, onu şərlədib, həbs etdirib.

Əminəm ki, qarşılaşdığı bu dəhşətli haqsızlıq da Asif bəyi ruhdan sala, optimizmini əlindən ala bilməz.

Ad günün mübarək, əziz dost. Sənə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Allah sənin və bütün şərlənərək həbs edilmiş vicdanlı şəxslərin qapısını açsın!