Yəhudi rejissor İsraili “faşist” adlandırdı

yehudi rejissor“The İndependent” qəzetinin yazdığına görə, Berlin Kino Festivalının israilli qalibi kinorejissor Udi Aloni İsrail hökumətini “faşist” adlandırıb və Almaniyanı yəhudi dövlətinə hərbi dəstəyi dayandırmağa çağırıb.

Özünün “48-ci Qovşaq” (Junction 48) filminə dair sual-cavab tədbirində ən yaxşı bədii film üçün mükafata layiq görülmüş Aloni deyib ki, hazırda Almaniya “İsrailin faşist hökumətini” dəstəkləməkdə davam edir.
56 yaşlı kinorejissor İsraili “ağların demokratiyası” adlandırıb və Almaniya kansleri Angela Merkeli İsrailə dəstəyinə görə kəskin tənqid edib: “Merkel işğal məsələsinin üstünü vurmur, əksinə bu siyasətini davam etdirməsi üçün Netanyahuya sualtı gəmilər satır”.
Bununla yanaşı, cənab Aloni izah edib ki, onun tənqidləri sevdiyi doğma ölkəsinə yox, İsrail hökumətinə yönəlib.
“Nifrət yayan baş nazirdən fərqli olaraq mənim filmim məhəbbət və birgəyaşayış duyğusu aşılayır” – deyib rejissor.
Aloni fələstinli reper Tamer Nəfərə öz dəstəyini və heyranlığını bildirib. Əslində Aloninin filmi elə bu reperə həsr olunub. Nəfər bundan əvvəl öz mahnılarında İsraili “terrorçu dövlət” adlandırmışdı.
Ən maraqlısı budur ki, bəzi məlumatlara görə 48-ci Qovşaq filmi üçün maliyyə dəstəyini İsrailin mədəniyyət nazirliyi verib.
Lakin bundan peşman olan ifrat sağ təmayllü mədəniyyət naziri deyib ki, dövlətə böhtan atan film dövlət tərəfindən maliyyələşdirilməməliydi.
Xanım Miri Regev deyib ki, dövlətə iftira atan rejissorun filmi üçün vergiödəyənlərin vəsaitindən ayrılması səhv addım olub.
Ötən il İsrailin 3 minədək tanınmış aktyor və rejissoru xanım Regevin siyasətini tənqid edən petisiya imzalamışdı. (BBC azeri)