Yalan tirajlayan «Yeni Azərbaycan», yoxsa həqiqət yayan «Azadlıq»
Bildiyiniz kimi Azərbaycan hakimiyyətinin ən sevimli ifadəsi, ən “tutarlı” arqumenti, ən dəyərli sözü “erməni” sözüdür. Bütün dövrlərdə ölkənin ləyaqətli ziyalıları, vicdanlı qələm adamları, haqqını tələb edən sıravi vətəndaşları, satılmayan siyasi liderləri “ermənipərəst” adlandırılıb. Hakimiyyətin bu insanlara qarşı dəlili, tutarlı arqumenti olmadığına görə, insanları düşmənin adı ilə ləkələməyə çalışıb. Hökumətin sözçülüyünü edən qəzetlər isə bu məsələdə xüsusi canfəşanlıq göstərir və şər-böhtandan başqa yaza biləcəkləri söz yoxdur.
Stajlı böhtançı “Yeni Azərbaycan” qəzeti ötən sayında yenə “qələmə sarılıb” və “Azadlıq” qəzetini, AXCP sədri Əli Kərimlini ermənilərin ruporu adlandırıb. Belə ki, Israilin keçmiş naziri Liberman Azərbaycan hakimiyyətiylə çirkli əməkdaşlıqda ittiham olunmuşdu, hakimiyyətin bu adamı maliyyələşdirdiyi bildirilmişdi. Biz də yazmışdıq ki, dünyanın harasında korrupsiya ittihamı, çirkli əməkdaşlıqlarla bağlı iddialar varsa, Azərbaycan hakimiyyətinin adı həmin siyahıda çəkilir. Indi “Yeni Azərbaycan” qəzeti Libermanın müdafiəsinə qalxıb, onu Azərbaycan maraqlarının qaranquşu kimi təsvir edib və yazdıqlarımıza görə bizi erməni ruporu adlandırıb.
Əvvəla, biz məlum yazıda Libermanın kimliyinə, fəaliyyətinə toxunmamışıq. Azərbayacan hakimiyyətinin bütün əməkdaşlıqlarda şəxsi maraqları güddüyünü, müxtəlif ölkələrdə özünə korrupsiya ortağı axtardığını qabartmışıq. Amma Libermanı qəhrəman kimi təqdim etməyə də ehtiyac yoxdur. Birincisi, bu adam qardaş Türkiyəyə qarşı həmişə sərt çıxışlar edib, əsassız ittihamlar səsləndirib. Ikincisi isə Libermanın Azərbaycanla bağlı hansısa müsbət qərara səbəbkar olduğunu, Qarabağla bağlı hansısa qətnamənin məhz onun xidmətlərinə görə qəbul edildiyini, yaxud erməni soyqırımını hansısa ölkənin tanımamasında Libermanın həlledici rol oynadığını xatırlamırıq.
Əgər “Yeni Azərbaycan” qəzeti bu qədər vətənpərvər, Qarabağ aşiqidirsə, milli maraqları üstün tutursa, niyə ermənipərəst Rusiyanın addımlarını tənqid edə bilmir? Niyə Qarabağla bağlı 2 mühüm qətnamə qəbul etmiş Avropa Parlamenti əleyhinə kampaniya aparırdı? Niyə Ermənistanı işğalçı kimi qiymətləndirən Almaniya Bundestaqını yıxıb-sürüyürdü? Niyə 19 ştatı Xocalı soyqırımını tanımış ABŞ-ı ermənipərəstlikdə ittiham eirdi? Yəni Libermanın fəaliyyəti bu mötəbər qurumların Azərbaycanla bağlı mövqeyindən çox mötəbərdi?
Göründüyü kimi, “Yeni Azərbaycan”ın dərdi milli maraqlar deyil, hökumətin ifşa olunmuş fəaliyyətini sığortlamaq cəhdidir.
Erməni ruporu olmağa gəlincə, bu haqda dəfələrlə yazmışıq. Kimin ermənini sevindirdiyini, kimin erməniləri kədərləndirdiyini oxucuya göstərmişik.
Ermənilər o vaxt sevindi ki, Qarabağ qazisi özünə od vurub yandırdı, o vaxt sevindi ki, Qarabağ qazisini dəlixanaya atdınız. O vaxt sevindi ki, şəhid ailələri Milli Məclisin qarşısında aksiya keçirməyə məcbur qaldı. Erməniləri ən çox sevindirən o oldu ki, Qarabağ qazisi əməliyyat olunduqdan 1 həftə sonra şərlənərək həbs edildi. Erməniləri ən çox sevindirən odur ki, atəşkəs dövründə 3000-dən çox əsgər həlak olub. Ey, “bizim Qarabağ kimi dərdimiz var” deyən “vətənpərvər”lər, ermənilər o zaman sevindi ki, Azərbaycan xalqını təhqir edən Jirinovski ən dəyərli qonaq kimi qarşılandı. Ermənilər o zaman sevindi ki, ölkədə orta aylıq əməkhaqqı Ermənistandan geri qaldı.
“Azadlıq” qəzeti hər zaman ölkədəki problemlərə işıq salmağa çalışıb və bu problemlərdən çıxış yollarını göstərib. Ey, “ermənipərəst”liklə silahlanmış şərin sözçüləri. Ermənilər o zaman sevinir ki, sizin baş ideoloqunuz “bir nəfər də savadlı kadr tapa bilmirik” söyləyir. Ermənilər o zaman sevindi ki, Azərbaycan xalqı kredit bataqlığına yuvarlandı. Ermənilər o zaman sevindi ki, neft və qazla zəngin Azərbaycan əhalisinin sosial vəziyyəti, heç nəyi olmayan Ermənistanla eyniləşdi. Ermənilər o zaman sevindi ki, ölkə əhalisinin 2 milyondan çoxu yaşamaq üçün ölkə xaricinə üz tumalı oldu. Ey neft sevdalıları, ermənilər o zaman sevindi ki, neftdən gələn 100 milyarddan artıq vəsait oğurlandı. Ermənilər o zaman sevindi ki, ölkə iqtisadiyyatı yalnız neftin üzərində bərqərar oldu və qeyri-neft sektoru “koma” vəziyyətinə salındı. Ermənilər o zaman sevindi ki, bu milyardlar gələcək nəsillərə xidmət etmədi…
Ermənilər hər gün sevinir ki, bu neft səltənəti Azərbaycanın deyil, Azərbaycan hakimiyyətinin maraqlarına xidmət etdi. Erməniyə ən böyük sevinc onda bəxş olundu ki,ÿhakimiyyət daha çox qazanmaq naminə bütün dəyərləri məhv etməyə qərar verdi.
Erməninin ruporuna çevrilmək, ölkənin vicdanlı, vətənpərvər, intellektual kəsimini şərləyib həbsə atmaq, ləkələmək, ölkədən didərgin salmaqdır. Erməninin ruporuna çevrilmək, erməniyə milyardlarla yardım edən, ermənini ayaqda saxlayan Rusiyanın qarşısında təzim etməkdir. Erməninin ruporuna çevrilmək, qondarma erməni soyqırımını tanıyan ölkələrdə xeyriyyə layihələri həyata keçirməkdi. Erməninin ruporuna çevrilmək, vətəndaşı hər gün intihara sövq etmək, Qarabağı unutdurmaq, korrupsiyanı çiçəkləndirməkdir.
Bu mənada “Yeni Azərbaycan”ın özünü də erməninin ruporu adlandırmaq olar. Çünki, öz prinsiplərinə sadiq qalan, azad fikrin son qalası hesab edilən, bütün fəaliyyəti ilə dövlətə və millətə xidmət edən “Azadlıq” qəzetini “erməni qəzeti” adlandırmaq ermənilər üçün böyük hədiyyə oldu. Bəli, hakimiyyət bu yaxşılığı da ermənilərə edir. Xalqı maarifləndirən, həqiqətləri tirajlayan, milli maraqları qoruyan bir qəzetin ləkələnməsi Ermənistanın maraqlarına uyğundur və “Yeni Azərbaycan” bu “xidmət”i göstərir. Eyni zamanda vətəndaşı yalançı inkişafla qidalandırmaq, korrupsiyanı çiçəklənmə kimi təqdim etmək, xalqın iradəsini zorlamaq da erməninin maraqlarına xidmət etməkdir.
Ən nəhayət, bu gün Azərbaycan hakimiyyətinin yarıtmaz xarici siyasəti bütün dünya ilə münasibətləri korlayıb. Bu isə Ermənistan üçün ən yaxşı fürsətdir, təbliğat imkanıdır.
Indi siz deyin, kimdir erməni ruporuna çevrilən?
Samir