İnterpol Əli Evseni hələ də təqib edir

eli_evsenBeynəlxalq polis təşkilatı İnterpol Azərbaycan vətəndaşlığı daşıyan türkiyəli iş adamı Əli Evsenin adını hələ də “qırmızı bülleten”lə axtarılan cinayət şübhəliləri siyahısından çıxarmayıb.

Virtualaz.org xəbər verir ki, “İnterpol”un saytında Əli Evsenin hələ də Misir hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verildiyi göstərilir.

Əli Evsen 90-cı illərin əvvəllərində Azərbaycanda biznes qurub, bir vaxtlar onun “Evsen Group” şirkəti Azərbaycan iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərirdi. O, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudasıdır. Evsen Azərbaycanda biznes fəaliyyətini məhdudlaşdırandan sonra Avropada biznes qurub, Albaniya Hava Yolları şirkətini alıb və digər aktivlərin sahibi olub.

Xatırladaq ki, Əli Evsen keçmiş Misir diktatoru Hüsnü Mübarəkin çirkli pullarını Avropada yumaqda ittiham olunurdu və 2011-ci ildə İspaniyada həbs edilmişdi. Ona qarşı irəli sürülən ittihama əsasən iş adamı Hüsnü Mübarəkin yaxın adamı Hüseyn Salemi və oğlu Xalid Salemi lə birlikdə çirkli pulların yuyulmasında, rüşvət verməkdə və başqa iqtisadi cinayətlərdə şübhəli bilinirdi.

Bir neçə aylıq həbsdən sonra Əli Evsen İspaniyanı tərk etməmək şərti ilə azadlığa buraxılıb. Məlumatlara görə onun azadlığa çıxması üçün 18 milyon avro girov qoyulub. 2015-ci ilin martında Əli Evsen Madriddə jurnalist Seyfullah Türksoya verdiyi müsahibədə “İnterpol-un zülmü ilə qarşılaşdığını” demişdi. Evsenin sözlərinə görə, indiki Misir hakimiyyətinin ona qarşı heç bir hüquqi iradı yoxdur. Buna baxmayaraq İnterpol onun adını axtarışda olan şəxslər siyahısından çıxarmır. Nəticədə iş adamı hərəkət qabiliyyətinin məhdudlaşdırıldığını, bizneslə məşğul ola bilməyib müflisləşdiyini deyirdi.