Devalvasiyanın bir ili

nemet-eliyev1Hökumət ötən müddət ərzində nə edə bildi?

Nemət Əliyev: «Iki devalvasiya qərarının Azərbaycanın iqtisadi və sosial həyatına hər hansı müsbət təsirindən danışmaq yersizdir»

Ötən ilin devalvasiya qərarından bir il ötür. 2015-ci il fevralın 21-də – şənbə günü Mərkəzi Bankın qəbul etdiyi qərar ilə manat bir günün içərisində 34 faiz dəyərsizləşdirildi. Nəticədə 0.78 manat olan dollar 1.05 manata qədər yüksəldi.

Bu qərar banklara dollarla kredit borcu olan vətəndaşlarımıza ciddi ziyan vurdu. Mərkəzi Bankın bu qərarı banklara dollar krediti olan vətəndaşların borcunun üzərinə daha 1.7 milyard manat gətirmiş oldu. Amma bu hələ prosesin başlanğıcı idi. Qısa müddət ərzində ərzaq mallarının, xidmətlərin qiyməti adekvat olaraq bahalaşdı. Ticarət obyektləri bir-birinin ardınca bağlandı. Mənzil və avtomobil bazarında ciddi durğunluq yaşandı. Ölkə iqtisadiyyatının kreditləşdirilməsi də bu qərardan sonra ciddi şəkildə aşağı düşdü.

Ölkə iqtisadiyyatının gerilədiyi və ciddi böhrana girdiyi açıq şəkildə görünürdü. Bank sektorunda problemli kreditlərin artması bankların bundan sonrakı fəaliyyətini ciddi sual altında qoyurdu. Amma baş verənlərə rəğmən rəsmilər tam başqa fikirdə idi. Onlar fevralın 21-də baş vermiş devalvasiyanı əksinə, ölkə iqtisadiyyatına yeni nəfəs gətirə biləcək addım kimi dəyərləndirirdilər. Onlara görə, 34 faizlik devalvasiya ölkə iqtisadiyyatının ixrac potensialını artırmağa, iqtisadiyyatı çoxşaxəli etməyə hesablanıb. Amma ötən müddət ərzində baş verənlər ixracın kəskin aşağı düşməsiylə tam fərqli mənzərəni ortaya qoydu. Hələ bu azmış kimi dolların dünya üzrə uçot dərəcəsinin artması, neftin qiymətində yaşanan enmə dekabrın 21-də ikinci devalvasiyaya gətirdi. Bu dəfə manat 48 faiz dəyərsizləşdirildi. Amma Mərkəzi Bank bu dəfə manatı “üzən kursa” buraxdı. Bu qərardan da 2 ay vaxt keçir. Qəbul olunan bu qərar da vətəndaşın büdcəsinə ciddi ziyan vurdu.

Iqtisadçı Nemət Əliyev bildirdi ki, 2015-ci il fevralın 21-də qəbul olunan devalvasiya qərarına qiymət vermək üçün ötən bir il müddətində Azərbaycanın sosial-iqtisadi həyatında nələrin baş verdiyinə diqqət yetirmək lazımdır. N.Əliyevin sözlərinə görə, ilk devalvasiyanın fevralın 21-də olmasına baxmayaraq, dekabrın 21-də baş verən ikinci 48 faizlik devalvasiyadan sonra manatın “üzən kursa” buraxılması məzənnənin enməsini davam etdirir: “Üst-üstə götürəndə mili valyutanın iki dəfədən çox dəyərdən salınması nəticəsində məlum oldu ki, Ümumi Daxili Məhsulun istehsalı 75 milyard dollardan 53 milyard dollara düşüb. Deməli, bu istiqamətdə 22 milyard dollarlıq azalma baş verib. Ötən müddət ərzində Azərbaycanın ixracı 10 milyard dollardan çox azaldı. Əhalinin əmək haqları iki dəfədən çox dəyər itirdi. Tikinti sektoruna pul qoyuluşu təxminən 50 faizə qədər azaldı. Bütövlükdə ölkənin qeyri-neft sektoruna kapital qoyluşu 3 milyard manata qədər azalıb. Daxili mənbələr hesabına ölkə iqtisadiyyatına kapital yatırımı 4 milyard manata qədər azalıb. Milli valyutanın məzənnəsinin saxlanması üçün Mərkəzi Bankın illərdir yığdığı valyuta ehtiyatlarının 70 faizdən – 10 milyarddan çoxu əldən gedib. Hazırda daxili bazarların vəziyyəti çox acınacaqlı duruma düşüb. Məlum oldu ki, daxili bazarların 85 faizi əcnəbi mallarla doludur. Milli valyutanın dəyərdən salınması qiymətləri əhəmiyyətli dərəcədə artırdı”.

N.Əliyev vurğuladı ki, fevraldan sonra inzibati təzyiqlər nəticəsində qiymətlər yavaşlayan sürətlə artırdısa, dekabrın 21-dən sonra bütün bazarlarda qiymət artımı baş verdi. Kommunal xidmətlər istisna olmaqla bütün qiymətlərin 40-50 faiz arasında artdığını deyən N.Əliyev vurğuladı ki, qiymətlərin artması əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı saldı. Çünki qiymət artımları əmək haqqı artımı ilə eyni səviyyədə aparılmadı: “Əmək haqqının qiymət artımına adekvat olaraq artırılmaması əhalinin alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə azaltdı. Əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə pisləşməsi dərhal əhalinin sosial vəziyyətini ağırlaşdırdı. Azərbaycanın xarici ölkələrlə mal dövriyyəsində əhəmiyyətli dərəcədə azalma baş verdi. Bütün baş verənlərin fonunda Azərbaycanda faktiki olaraq maliyyə böhranı yaşanır. Azərbaycan hökuməti pisləşməkdə olan vəziyyətin qarşısını almaqdan ötrü beynəlxalq təşkilatlara borc almaq məqsədilə müraciət etməli oldu”.

N.Əliyevin sözlərinə görə, iki devalvasiya qərarının Azərbaycanın iqtisadi və sosial həyatına hər hansı müsbət təsirindən danışmaq yersizdir. Dövlət büdcəsinin devalvasiya qərarından sonra 10 milyard dollara qədər azaldığını deyən N.Əliyev bildirdi ki, eyni zamanda dövlətin investisiya proqramlarında da kəskin azalma baş verdi.

Xəyal