Tağı Əhmədov YAP hakimiyyətinin «xidmət»lərini niyə unudur?
Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutunda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovla görüş keçirilib.
Tağı Əhmədov tədbirdə çıxış edərək inkişafdan, YAP-ın tarixindən, Heydər Əliyevin xidmətlərindən danışıb. Amma həmişəki kimi Tağı müəllim bu dəfə də çıxışına “rəng” qata bilib. Deyib ki, 90-cı illərin əvvəlində Azərbaycanı “prezidentləri qaçan dövlət” kimi tanıyırdılar.
Birincisi, ən böyük faciə alimlərin qarşısında Tağı Əhmədovun çıxış etməsidir. Bu adam “Metropoliten” rəisi olanda o qədər “performans” göstərib ki, hamının yaddaşında yaxşı qalıb. Onun jurnalistlərlə davranışı, suallara verdiyi cavablar, kobudluğu hamının xatirindədir. Sonradan da məlum oldu ki, “Metropoliten”də xeyli yeyinti olub, ticarətçilərdən qanunsuz pul yığılıb və s. Yəni bu adamın reputasiyası alimlərlə görüşməyə, Elmlər Akademiyasında çıxış etməyə imkan vermir. Amma Azərbaycan reallığında hər şey ola bilər.
90-cı illərdə Azərbaycanın necə tanınmasına gəlincə, Tağı müəllim gərək bu mövzuya girişməyəydi. Çünki, həmin dövrdə prezident olmuş adamlar korrupsiyada, insan qətlində, repressiyada ittiham olunmayıb. Həm də prezidentlik dövrləri çox qısa olub. Konkret olaraq Əbülfəz Elçibəyi hamı təmiz adam, xalqını, dövlətini sevən lider kimi tanıyıb. Bu gün də heç kim onun haqqında mənfi fikir söyləyə bilmir və bu gün də hamının sevimlisidir. Onu yalnız aşırı dərəcədə demokrat olmaqda qınaya bilirlər.
Amma Tağı müəllimin təmsil olunduğu hakimiyyət iş başına gəldikdən sonra Azərbaycanın adı “dillər”ə düşüb. Bəli, indi Azərbaycan “korrupsiya çempionu”, “qeyri-azad” ölkə kimi tanınır. Nüfuzlu mətbuat orqanları, beynəlxalq təşkilatlar Azərbaycanı bütün parametrlər üzrə “qara siyahı”ya salıb. Azərbaycan təhsil, səhiyyə, hüquq sisteminin bərbad olduğu, monopoliyaların hökm sürdüyü, azad məhkəmənin olmadığı, söz azadlığının pozulduğu, seçkilərin saxtalaşdırıldığı ölkə kimi tanınır. Məsələn, adambaşına düşən borcun yüksək olmasına görə, iqtisadiyyatın neftdən asılı olma faizinə görə, Avropa Məhkəməsinə göndərilən şikayətlərə görə, məmurların var-dövlətinin miqdarına görə Azərbaycan ön sıralardadır.
Təsadüfi deyil ki, beynəlxalq mətbuat Azərbaycan prezidentini “mətbuatın yırtıcısı”, “avtoritar lider”, “kral” kimi təqdim edir. Yeri gəlmişkən, Azərbaycan ən çox siyasi məhbusun olduğu ölkə kimi də dünyada məhşurdur.
Bir sözlə, Tağı müəllimin sözündə həqiqət var. 90-cı illərdə Azərbaycan 1.2 neqativ hallara görə tanınırdısa, bu gün Azərbaycanın adı yüzlərlə neqativ hallara görə tanınır. Xüsusən də hökumətin “uğurlu” siyasəti nəticəsində sosial-iqtisadi sahədəki “performans”lar Azərbaycanı dünyada tanıdıb. Məsələn, bu gün Azərbaycan “milli valyutası sürətlə qaçan ölkə” kimi də tanınır.
Birdə ki, “prezidentləri qaçan ölkə” kimi tanınmaq utancverici deyil. Utancverici budur ki, hökumətin başında oturan hər kəs ölkədən milyardlar qaçırdıb və ümumilikdə 95 milyarddan artıq vəsait ofşorlara daşınıb.
Akif