İntiqam Əliyevin yaxınları prokurorluğu məhkəməyə verib

intiqam-aliyev1Tanınmış vəkil İntiqam Əliyev və yaxınları Baş Prokurorluğu məhkəməyə verib. Buna səbəb hüquq müdafiəçisi həbs olunarkən onun rəhbərlik etdiyi Hüquq Maarifçilik Cəmiyyətinin ofisində, həmçinin özünün və yaxınlarının yaşadığı evlərdə axtarış apararkən istintaqa aidiyyəti olmayan əşyaların, sənədlərin götürülməsi, onlarının tam qeydiyyatının aparılmaması, götürülənlərin vaxtında geri qaytarılmamasıdır. Söhbət İntiqam Əliyevin ailə üzvlərinə məxsus kompüter, planşet və telefonlar, eləcə də hüquq müdafiəçisinin barəsindəki cinayət işilə heç bir əlaqəsi olmayan, ayrı-ayrı adamlara aid məhkəmə sənədlərindən gedir.

İŞ ALİ MƏHKƏMƏDƏDİR

İntiqam Əliyev və ailə üzvləri məsələ ilə əlaqədar əvvəlcə Baş Prokurorluğa müraciət edib. Bu müraciət nəticə vermədikdə məhkəməyə üz tutublar. Prokurorluğun hərəkətlərinin qanunsuz hesab olunması və vurulmuş ziyanın ödənilməsini tələb edir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədova iddianı mümkün saymayıb.

Bu qərardan verilən apellyasiya şikayəti də nəticəsiz olub – Bakı Apellyasiya Məhkəməsində hakim Həmid Həmidov şikayəti təmin etməyib və qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. İş hazırda Ali Məhkəmədə hakim Azər Hüseynovun icraatındadır.

ŞƏXSİ HƏYATA MÜDAXİLƏ

İntiqam Əliyev özü də Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılarkən dəfələrlə bu məsələni qaldırıb. Hüquq müdafiəçisi heç bir zərurət olmadığı halda, qardaşı və digər qohumlarının yaşadığı evlərdə axtarış aparılması, övladlarına məxsus texniki əşyaların götürülməsi, işə aidiyyəti olmayan şəxslərin foto və videolarının yer aldığı həmin avadanlıqların prokurorluqda saxlanılmasını şəxsi həyata müdaxilə kimi qiymətləndirmişdi.

Bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldıranlar arasında İntiqam Əliyevin övladları Nərmin və Nəcmin Kamilsoylar da var.