Azərbaycan çempionu Gəncədə öz maşınında güllələndi YENİLƏNİB FOTO

elmircelilov-idmanci-qetl

İki qat Azərbaycan çempionu  Elmir Cəlilovu Gəncədə odlu silahla qətlə yetirən şəxs saxlanılıb.

APA-nın verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən şəxs 1984-cü il təvəllüdlü Anar Tağıyevdir.

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

***

Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla yeni məlumatlar üzə çıxıb.

Onun idmançı dostu Anar Məmmədov musavat.com-a bildirib ki, Elmir Cəlilov yaşı ilə əlaqədar bir müddət əvvəl idmandan uzaqlaşıb. O, Gəncədə bərbərliklə məöşğul imiş: “Çox mərifətli oğlan idi. Gəncədə ən hörmətli idmançılardan biri Elmir idi”.

A.Məmmədov bildirib ki, Elmir Cəlilov kriminal aləmdən uzaq olub, heç kimlə ədavəti yox imiş.

Elmir Cəlilov ailəli olub. İki övladı – qızı və oğlu var. Həyat yoldaşı hamilədir və təxminən iki ay sonra üçüncü övladları dünyaya gəlməlidir.

Gəncədəki mənbələr sayta qətlin səbəbləri ilə bağlı mövcud ehtimalları da açıqlayıblar. Hazırda qətllə bağlı iki versiya dolaşır – namus məsələsi və ya borc pul söhbəti.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Qətli törədən saxlanılsa da, hələlik adı açıqlanmayıb.

***

Gəncədə qətlə yetirilən Elmir Cəlilov kikboks üzrə ikiqat Azərbaycan çempionudur. Onu şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında öz avtomobilində güllələyiblər.

Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev feysbuk səhifəsində Elmir Cəlilovun vəfat etdiyi barədə məlumat paylaşıb və onun ailəsinə başsağlığı verib. Lakin A.Əliyev mərhumun ölüm səbəbini yazmayıb.

E.Cəlilov ailəli, 2 uşaq atası olub.

Qətli törədən şəxs və ya şəxslər hələlik tutulmayıb. Qətlin hansı səbəbdən, hansı şəraitdə törədilməsi də məlum deyil.

Araşdırmalar davam etdirilir.

***

Gəncədə ağır qətl hadisəsi törədilib. Fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.

APA-nın məlumatına görə, araşdırma zamanı qətlə yetirilən şəxsin Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilov olması müəyyənləşdırılıb. Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.