Hökumətin yeni iş yerləri imitasiyası

ilham-mushavireOnsuz da az olan maaşlar əlavə ştatlara paylaşdırılır

Hazırkı iqtisadi böhranda vətəndaşların ağır sosial-iqtisadi durumunun getdikcə ağırlaşması kütləvi işsizliklə müşahidə edilir. Hər gün neçə-neçə iş yerinin bağlanması barədə xəbərlər gəlsə də, maraqlıdır ki, bəzi qurumlar vakansiyalar elan edir. Aldığımız məlumatlara görə, əslində, bu elanlar boş iş yerlərinin olmasına hesablanmayıb. Belə ki,  bəzi idarələr işçilərinin maaşlarının azaldılması hesabına əlavə ştatlar açır. Yəni maaşların bölüşdürülməsi nəticəsində yeni işçilər tələb edilir. Bu isə açıq-aşkar vakansiya piarı deməkdir.

Elə rəsmi statistika ilə reallqda baş verənlər vakansiyaların əslində olmadığı qənaəti yaradır. Belə ki,  rəsmi statistikaya görə, 2015-ci ildə ölkədə 40 min iş yeri bağlanıb, 100 min yeni iş yeri açılıb. Yüz minlərlə iş yeri açılıbsa, bunun müqabilində keçən il ən azı 200 min iş yeri bağlanıb. Lisenziyası ləğv edilən, birləşdirilən neçə bankın adı artıq rəsmi şəkildə bəyan edilib. Neft şirkətlərində çalışan yüzlərlə işçi bu gün işsizlər ordusunun sıravi nümayəndələridir. Brend mağazaların müflis olmasıyla bağlı hər gün verilən xəbərlər də işsizlərin sırasına yenilərini əlavə edir. Sənaye sektorunda onsuz da yerində sayan vəziyyət ixtisarlarla yadda qalır. Belə problemlərin getdikcə dərinləşdiyi şəraitdə yeni iş yerlərinin açılması barədəki nağıllar əslində, cəmiyyətdə baş verəcək ajiotajı yatırmaq məqsədilədir.

Lakin informasiyalarda hər gün yeni iş yerləri ilə bağlı rəy yaratmağa çalışmaq dövrü artıq arxada qalıb. Yeni iş yerlərinin yaradılmasıyla problemlərin həll olunduğu mesajı verilsə də, reallıq göz önündədir. Necə deyərlər, “odu söndürüb tüstüsü ilə qızınmaqdansa”, real, əməli işə keçməyin vaxtı çatıb. Bunu isə müstəqil ekspertlərin illərdir dediyi, fəqət hökumətin, rəsmilərin rişxəndlə qarşıladığı qeyri-neft sektorunun inkişaf etdirilməsiylə reallaşdırmaq olar. Hər halda, iqitisadi, sosial, intellektual, təbii, hətta fiziki resursları olan ölkəmizdə bu işə başlamaq heç də çətin olmaz. Əsası, hökumətin bunu doğrudan da istəməsidir.

Sosial şöbə