Hacı Məmmədov “Qara Kəmər”in ildönümündə danışacaq

haci_memmedov1DİN-nin həbsdə olan əməliyyat müvəkkilinin Ali Məhkəməyə müraciəti barədə yeni məlumatlar

Bir müddət əvvəl məlumat yayıldı ki, Daxili Işlər Nazirliyinin (DIN) keçmiş baş əməliyyat müvəkkili, çoxsaylı adam oğurluqları və qətllər həyata keçirmiş dəstənin başçısı Hacı Məmmədov Ali Məhkəməyə müraciət edib. Məlumatda deyilirdi ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı məsələ də öz əksini tapıb.

Hacı Məmmədov yazıb ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ondan bu qətlin icrasını öz üzərinə götürməyi, sifarişçi kimi isə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adını çəkməyi tələb edib. Məhz bu tələbdən sonra o, sabiq nazirin üzünə durub. Hacı Məmmədov qeyd edib ki, qətlin onun tərəfindən törədilməsi, sifarişçinin isə Fərhad Əliyev olduğu barədə vaxtilə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.

Hacı Məmmədov Ali Məhkəməyə məktubunda həmçinin DIN-in Baş Cinayət-Axtarış Idarəsinin keçmiş rəisi Zakir Nəsirovun da günahsız olduğunu, keçmiş MTN rəhbərliyinin göstərişilə onun üzünə durduğunu yazıb. Məlumatda onun müraciətinin icraata götürüldüyü də bildirilirdi.

Bu günlərdə məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Bildirilir ki, Hacı Məmmədovun müraciəti əsasında proses “Qara Kəmər” əməliyyatının ildönümünə təsadüf edə bilər. “Qara Kəmər” əməliyyatı 2005-ci il martın 10-da keçirilib. Bu əməliyyat hakimiyyətdəki bir qrupun digəri üzərində parlaq qələbəsi idi. Indi həmin qrup sıradan çıxıb. Lakin əks tərəf bununla kifayətlənməyərək “Qara Kəmər” əməliyyatının qisasını almaq istəyir. Hacı Məmmədovun müraciətinin də qisas planının tərkib hissəsi olduğu iddia olunur. Müraciətlə bağlı prosesin martın 10-na salınması da plana daxildir.