Nazirlik Rail Rüstəmovun avtoxuliqanlığa görə həbs olunduğunu iddia edir, atası isə bu iddiaların əsassız olduğunu bildirir
DIN AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmlinin oğlu, AXCP fəalı Rail Rüstəmovun həbsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Rail Rüstəmov inzibati xəta törətdiyinə görə həbs olunub. “Fevralın 15-də Rail Rüstəmov təmirə verdiyi avtomobilini götürərək yoxlamaq məqsədilə sürətlə idarə edib.
Onu da qeyd edim ki, həmin vaxt maşının dövlət nömrə nişanı üzərində olmayıb. Bununla bağlı da konkret şikayət olub. Şikayətçilər bildirib ki, həmin avtomobil az qala qəzaə törədərək bizi vursun. Sonradan araşdırma nəticəsində bəlli olub ki, avtomobilin sənədləri qaydasında deyil. Etibarnamənin müddəti bitib. Digər tərəfdən o da məlum olub ki, Rail Rüstəmovun özünün də sürücülük vəsiqəsi yoxdur. Bu baxımdan onun əməli avtoxuliqanlıq kimi sənədləşdirilib və rayon məhkəməsi də 20 sutka inzibati həbs verib. Burada hər hansı siyasi motiv yoxdur”.
Sahib Rüstəmov isə “Azadlıq”a bildirib ki, oğlu siyasi fəaliyyətinə görə həbs olunub: “Doğrudur, mənim oğlumun sürücülük vəsiqəsi yoxdur. Amma o maşını yüksək sürətlə idarə etməyib. Indiyə qədər oğlumun avtoxuliqanlıq etməsi barədə bircə fakt belə yoxdur. Əgər Rail ”avtoş” idisə yəqin ki, indiyə qədər buna dair bir fakt olardı. Digər tərəfdən o, cərimə də oluna bilərdi. Amma birbaşa həbs veriblər. Əgər bu siyasi fəaliyyətlə əlaqədar deyilsə, bəs məni niyə çağırıb hədələyiblər? Mənə hədə-qorxu gələrək tələb etdilər ki, “Facebook”dakı fəaliyyətimə son verim, ümumiyyətlə fəal olmayım. Əks təqdirdə cibimdən narkotika çıxa bilər. Onu da qeyd edim ki, Raili axşam saatlarında həbs ediblər. Bu barədə bizə məlumat verməyiblər. Mən sonradan onun Sabirabad polisinə, oradan da məhkəməyə aparıldığını və 20 sutkalıq həbs olunduğunu bilmişəm. Əgər əməlləri qanuni idisə niyə bizə demirdilər ki, Rail niyə həbs olunub və hara aparılıb?”.