“Azərbaycan” qəzeti Əkbər Hacıyevi niyə hədəf seçib?

azerbaycan-qezetiDövlət qəzetinin «Azəriqaz» Istehsalat Birliyinin sədri barədə tənqidi yazısı Rövnəq Abdullayevin «vurulmasına» hesablanıb

“Azərbaycan” qəzetində SOCAR-ın “Azəriqaz” Istehsalat Birliyi barədə silsilə tənqidi yazıların dərc olunması bəzi mülahizələrə səbəb olub. Qeyd edək ki, qəzetin 18 fevral sayında bildirilir ki, bir neçə gün əvəl “Şagirdlər soyuqda qalıb. Qaz xətti isə məktəbdən iki metrlik məsafədədir” sərlövhəli məqalə dərc ediblər.

Yazıda Bərdə rayonunun cəbhəyanı Şahvəlilər və Kətəlparaq kənd orta məktəblərinin qazsız qalmasından bəhs olunub. “Azəriqaz” IB-nin baş direktoru Əkbər Hacıyev yazıya münasibət bildirərək, redaksiyaya cavab göndərib. Qəzet bu cavabı söz yığını kimi qiymətləndirərək Əkbər Hacıyevi sərt tənqid edib.

“Azərbaycan” qəzeti dövlət nəşridir və orada məmurlar haqqında tənqidi materiallar adətən “yuxarılar”ın razılığı olmadan dərc edilmir. Bu baxımdan “Azəriqaz” Istehsalat Birliyi barədə tənqidi materialların dərcinin özfəaliyyət olduğu inandırıcı görünmür. Ehtimal olunur ki, Əkbər Hacıyevin hədəfə gətirilməsi əslində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “vurulması”na hesablanıb. Məlumat üçün deyək ki, Rövnəq Abdullayev SOCAR-ın əsaslı kapital qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyevin adı keçən “villa qalmaqalı” və “Günəşli” yatağında baş verən yanğın nəticəsindəa itkin düşən neftçilərin ailələrinə hörmətsizlik etməklə hakimiyyətə ciddi zərbə vurub. Mümkündür ki, SOCAR prezidenti buna görə hədəfə gəlib.

Bəzi iddialara görə, “Azərbaycan” qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Bəzi ehtimallara görə, hansısa məsələdə Rövnəq Abdullayevlə Ramiz Mehdiyevin maraqları toqquşduğu üçün “Azərbaycan” qəzeti illərdir müstəqil mətbuatın toxunduğu problemi işıqlandırmağa başlayıb.