Auditorlar Palatasının Mingəçevir qərarı

mingecevir-seherIki müəssisə rəhbəri və mühasibləri işdən azad olunub

Təsisçisi icra hakimiyyəti olan bir MMC isə ləğv edilib

Bir müddət öncə Hesablama Palatası Mingəçevir şəhər Icra Hakimiyyəti və tabeliyində olan idarə və təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələrini açıqlamışdı.

Yoxlama nəticəsində mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının təxmini hesablamalar əsasında tərtib edilməsi, abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyəri və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilməsi, əmək haqqı fondunun müəyyənləşdirilməsi və hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilməsi və s. kimi pozuntular aşkarlanmışdı.

Nəzarət tədbirinin nəticələri üzrə Auditorlar Palatasının kollegiya qərarı Mingəçevir şəhər IH-də müzakirə edilib. Ciddi qanun pozuntularına yol verdiklərinə görə şəhər Mənzil təmiri və abadlaşdırma müəssisəsinin rəhbəri Vəli Vəliyev və “Azərbaycan IES” qəsəbəsindəki eyniadlı müəssisənin rəisi Ağa Ağayev, eləcə də hər iki idarənin baş mühasibi vəzifələrindən azad olunublar. Təsisçisi Mingəçevir şəhər IH olan “Fərdi Yaşayış Sahələrinə Xidmət Idarəsi” MMC (rəis Eyyub Rəşidov) isə müstəqil struktur vahidi kimi ləğv edilib. Yeri gəlmişkən, sonuncu ləğv olunan MMC-nin 33 işçisinin şəhər Sanitar-təmizlik və yaşıllaşdırma idarəsinə, eləcə də Kommunal Təsərrüfatı Istehsalat Birliyinə işə götürülməsi barədə göstəriş verilib.

Vəzifəsindən azad olunan mənzil təmiri və abadlaşdırma müəssisəsinin rəisi Vəli Vəliyevlə bağlı bir neçə faktı qeyd etməyə bilmərik. V.Vəliyev vaxtilə şəhərdəki texniki peşə məktəblərindən birində çalışb. O zaman peşə məktəbində aparılan yoxlamalar zamanı külli miqdarda yeyinti faktı aşkarlanmışdı. Həmin pozuntularda adı keçən V.Vəliyev bundan illər sonra hansısa “yolla” “Mingəçevir Qaz Istismar Idarəsi” MMC-yə rəis vəzifəsinə təyinat almağa müvəffəq olmuşdu. Bir müddət sonra sorağı Ağdaş rayon regional qazpaylayıcı idarəsinin rəisi postundan gələn V.Vəliyevin “işləri” burada da elə də “rəvan” getmir. Hətta onun bir müddət hüquq mühafizə orqanında “qonaq” olması xəbəri yayılır. Ortalıqda bir müddət görünməyən V.Vəliyev yenidən Mingəçevirə dönür və ona bu dəfə Migəçevir şəhər Kommunal Təsərrüfatı IB-yə, ardınca isə Mingəçevir şəhər mənzil təmiri və abadlaşdırma müəssisəsinə rəhbərlik etmək həvalə olunur.

Göründüyü kimi, karyerasında yetərincə qaranlıq səhifələr olan bir adamın keçmişi incələnmədən bunca məsul vəzifələrə təyinat almasının sonucda bu cür ağır nəticələrə səbəb olması təəccüb doğurmamalıdır.

Azər