195 çağrı mərkəzi pullu xidmət göstərir

vergiler-nazirliyiVətəndaşların aldadılmasına niyə son qoyulmur?

“195″ Çağrı Mərkəzi öncə Vergilər Nazirliyinin xidmət mərkəzi kimi 2003-cü ilin sonundan Bakı şəhəri üzrə fəaliyyətə başlayıb. 2006-cı ilin mayından bütün ölkənin regionlarının əhatə dairəsinə düşən mərkəzin xidmətindən 2009-cu ilin sentyabrın 1-dən başlayaraq Iqtisadiyyat və Sənaye Nazirliyinə(ISN) də zəng etməklə yararlanmaq mümkün olub.

Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306s saylı sərəncamı ilə universal çağrı mərkələrinin yaradılması layihəsinə uyğun olaraq 2015-ci ilin fevralından  Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu da “195″ Çağrı Mərkəzi vasitəsilə xidmət göstərməyə başlayıb. Amma…

Respublikanın istənilən bölgəsindən bu mərkəzə edilən zənglər ödənişsiz olduğu halda vətəndaşlar aldadılaraq hesablarından pul çıxılır. Dəfələrlə ISN-ə sahibkar, istehlakçı hüquqlarının qorunmasına cavabdeh olan qurum kimi və digər bağlantılı qurumlara bu barədə şikayət edilsə də baxılmır. Bu isə NK-nın sərəncamına sayğısızlıqla yanaşı, müraciət hüququna da kobud qadağa deməkdir. Təsəvvür edin, vətəndaş 195-i yığan andan sayğac işə düşür və danışdın-danışmadın hesabından pul çıxılır. Hələ danışıb dərdini desən, gör neçəyə başa gələr! Üçrəqəmli Çağrı Mərkəzlərindən ən operativ xidmət göstərəni 102-dir. 161 zəngləri gec götürsə də, ödənişsiz xidmət edir. 195 isə, vurğuladığımız kimi, əsasnaməyə zidd olaraq pullu xidmət edir. Bu mərkəzə başlıca olaraq sosial müdafiəyə ehtiyacı olanların müraciət etdiyini nəzərə alsaq, onların müdafiəsiz olmasını deyə bilərik.

Məğrur Bədəlsoy

P.S.Inanmayanlar yazını oxuyan kimi mobil nömrəsindən 195- yığmaqla xidmətin pullu olmasına əmin ola bilərlər…