Həmişə belə olub: həyat və ölüm taledi, insanın ilahi payıdı, onu sonadək anlamaq və ya istədiyin kimi dəyişmək mümkün deyil. İnsan yaşayışının bu ilk və son dayanacağı arasında peşə deyilən bir nəsnə də var ki, o yaşayışın mahiyyətini, dəyərini ifadə edə bilir.
Bu gün Azərbaycanda rəsmi səviyyədə məqsədyönlü şəkildə nüfuzdan salınmasına hər gün cəhd edilən bəlkə də birinci peşə vəkillikdi. Əslində bunda bir qanunauyğunluq da var. İnsan haqqına sayğı duymayan adamlar bu haqqın keşiyində ləyaqətlə dayanan, bu işi özü üçün şərəf sayan adamları hörmətdən salmalıdı ki, yaramaz əməllərini maneəsiz gerçəkləşdirə bilsinlər.
Bu gün istintaqın, hakimlərin vəkil adını şərəflə daşıyan insanları bu peşədən uzaqlaşdırmaq cəhdlərini görəndə yadıma bir əhvalat düşür. ABŞ-da olanda Bleyk soyadlı bir hakimlə görüşümüz vardı. O, ölüm cəzası verməyin ağırlığından danışırdı. Soruşdum ki, belə cəza təyin edəndə hansı hissləri keçirirsiniz. Dedi ki, “hər dəfə bu cəzanı təyin edəndə elə bilirəm ki, bədənimin hansısa hissəsi ölür”. Özü də söhbət ən ağır, bəzən hətta murdar cinayət törətmiş adamlardan gedirdi. Bu, insanın adi allah bəndəsinə münasibəti idi. Heç bir hörmət hissi doğurmayan varlığa.
Müqayisə edə bilsəniz o hakimi bizim hakimlərlə tutuşdurun. Min nəfərlik hakim korpusumuzda neçə belə hakim var? Bu qədər məmurun bir əlin barmaqlarını qatlamağa gücü çatarmı? Siyasi-iqtisadi sifarişlərin zombiləşdirilmiş icraçılarını, insan haqqını qorumağa çalışan vəkili peşəsindən məhrum etməyə qalxan karyera düşkününü, haqq-ədaləti dünya malına heç bir vicdan əzabı çəkmədən rahatlıqla dəyişən əbalını hakim saya bilirsinizmi? Hələ belələrinin müraciətlərini can-başla icra edən, kolleqalarını güdaza verənləri demirəm. Onlar hətta qınağa da layiq deyillər.
Başqalarına sayğı özünə sayğıdan başlanır, orada da bitir. Başqaqlarının haqqını qorumaq kiminçünsə sadəcə maddi fayda gətirən adi gündəlik məşğuliyyət ola bilər. Haqqı qorumaq onda müqəddəsləşir ki, sən onun üçün qurbanlar verirsən. Özün üçün kimsənin toxuna bilməyəcəyi möhtəşəm saray kimi prinsiplər qurursan və anlayırsan ki, heç özünün də bu prinsipləri pozmaq, hətta ona toxunmaq haqqın yoxdu. Çünki bu saray sənin üçün də toxunulmazdı. Hətta “dövlət ehtiyacları” da onun qarşısında acizdi. O, hər hansı kompensasiya predmeti ola bilməz, onun əvəzi ola biləcək hər hansı maddi nemət icad edilməyib.
İnsan hər bilgiyə sahib varlıq kimi doğulmur, hər şeyə zəhmət, peşəyə sədaqət, ləyaqətli ömür kredosuna hər addımda əməl etməklə nail olur. Mənəvi kamillik ləyaqətli ömür yaşamaqdı. Sən xırda hisslərin, alçaq həqiqətlərin zülmətindən çıxa bilmirsənsə və buna yetərincə cəhd eləmirsənsə, həyatın bir çürük qoza da dəyməz. Sən sənin üçün əlçatmaz, ünyetməz ucalıqda dayanan adamları hər gün min əziyyətlə qazandığı ləyaqət mərtəbəsindən sala bilərsənmi?
Özünü zora salmaq çox vaxt pis qurtarır. Üstəlik, gözünün qarşısında onlarla “gözü çıxarılmış” qardaş və bacıların var. Sənin arxanda nə boyda güc dayanmasından asılı olmayaraq, sən miskin sifariş icraçısından başqa bir şey deyilsən. Sabah o güc bir sifarişi də sənin üçün verəcək və kimsə bu sifarişi səndən də həvəslə icra edəcək. Sonra daha bir sifariş…
Hər kəsin həyatda bir yolu olur. Bu yol həqiqət, ədalət yolu deyilsə, buna yolsuzluq deyilir. Yolun ağırlığı ondadı ki, sən ondan bir an belə caya bilməzsən. O yoldan çıxa bilirsənsə, o, yol deyil, yolsuzluq kimi bir şeydi. Sən bu yolda elə iz qoymalısan ki, o iz səni ömrün boyu izləsin və əbədiyyətə qədər uzansın.
Yolsuzlar öz yolu ilə ləyaqətlə addımlayan yolçuları yolundan azdıra bilməzlər. Bu yolu həyatının mənası sayan, hər cür çətinlik qarşısında yalçın qaya kimi dayananları kimsə yolundan sapdıra bilməz. Çünki bu yol karyera yolu deyil, əqidə yoludu.
Həyatda ən böyük xoşbəxtlik özün olmaqdı. Özü olmayanın sözü və həyatda izi ola bilməz.
İzimiz özümüzük.
(yazı müəllifin Facebook səhifəsindən götürülüb)