elnurastanbeyli@gmail.com
Son yazımızda yapçıların qızıl-qırmızı yalan danışmaq bacarığından bəhs etmiş, onu “milli Baron Münhauzenlər” adlandırmışdıq. Bəzi oxucular və yaxın dostlar buna irad tuturlar, deyirlər ki, Baron Münhauzenin yalanları zərərsiz, təhlükəsiz, hətta əyləncəli, xoşniyyətli idi, onları yapçıların siyasi, ictimai yüklü yalanları ilə eyniləşdirmək haqsızlıqdır. Razıyam. Amma bəndənizin niyyəti əsla yalanlar üzərindən hansısa müqayisə aparmaq, bu yalanları mahiyyətcə eyniləşdirmək-filan deyildi, bu, əlbəttə, heç mümkün də deyil. Söhbət sadəcə, yalan uydurmaq bacarığından gedir, hansı ki, “milli Baron Münhauzenlərimiz” məhz bu mənada hətta Baron Münhauzeni belə, çaya susuz aparıb, susuz gətirə bilərlər.
Ümumiyyətlə, istənilən müqayisə qüsurludur, Azərbaycandakı rejim üzərindən hər hansı müqayisə isə ikiqat, üçqat qüsurludur. O, özündə dünyanın bütün çağdışı, zalım rejimlərinin ən pis tərəflərini birləşdirir. Hüququ tapdamaqda, ədaləti yox etməkdə, xalqın sərvətlərini talamaqda, öz vətəndaşlarına və dünyaya ağı qara, qaranı ağ kimi sırımaqda, milli iradəni ayaqlar altına atmaqda inanmaq çətindir ki, onun əlinə su tökə bilən hər hansı başqa bir rejim olsun.
Təzəlikcə Azərbaycanda bir nəfərin hansısa rayona icra başçısının müavini təyin edilmək üçün Dövlət Komitəsi sədrinə onun aparat rəhbəri vasitəsilə 170 min dollar rüşvət verdiyi üzə çıxdı. Rüşvət faktını təsdiqləyən onca dəlil-sübuta, hətta aparat rəhbəri olmuş şəxsin bunu təsdiqləməsinə baxmayaraq, biz nə görürük? Komitə sədri heç nə baş verməyibmiş kimi, öz kreslosunda oturmağa davam edir! Əlbəttə, haqlıdır, axı qeyri-adi, təəccüblü nə baş verib. Damda yaşayan Karlsonun ağzı ilə desək, “adi həyat hadisəsidir”. Rüşvət Azərbaycanda çoxdan leqallaşıb, onu almaq da, vermək də gündəlik normativdir.
Yalnız gəlişmiş, modern, çağdaş dünya ölkəsində belə bir fakt, fakt nədi, hətta quruca iddia ortaya çıxınca həmin vəzifə sahibi bir gün belə, kreslosunda oturmağı özünə rəva görməz, toplumdan üzr istəyər, gərəkli orqanlar da hüquq, qanunlar nəyi tələb edirsə, onu da yerinə yetirərdilər. Bizdə isə bu, əlbəttə, xam xəyaldır. Yuxarıda da dedik, bizdə belə kirli işlər artıq legitimlik qazanıb. Hətta bu cür vəziyyətlərdə nə qədər adam rüşvət alanın da, rüşvət verənin də, bəli, bəli, hər ikisinin yerində olmaq istəyərdi. Rüşvət alanın yerində olmaq istəyərdi, çünki 170 min dollar bəyəm azdır! Onu yatsaq, yuxumuzda belə görə bilmərik.
Rüşvət verənin yerində olmaq istəyərdi, çünki bu qədər pulu hansısa vəzifəyə təyin olunmaq üçün rahatlıqla verə bilirsə, gör indi arxada nə qədər pulu var!
Bax bunlar ölkədə belə dəhşətli mənəvi deqradasiya yaratdılar. Artıq adamlar haqsız, qanunsuz yollarla “qaz vurub, qazan doldurmağı” fərasət əmsalı, istedad göstəricisi kimi qəbul edirlər. Oğurluğun, qul haqqı yeməyin, məzlumun ahını almağın, harama əl uzatmağın suç və günah olduğu dövrlər çoxdan zərb-məsəllərdə, nağıllarda, dini rəvayətlərdə-zadda qalıb. Mənəvi olan hər şey dəyərsizləşib, anlamsızlaşıb, maddiyyat bütün yüksək meyarların, ali dəyərlərin önünə keçib. Indi alnının təri, əlinin qabarı ilə yaşamaq “fərsizlik”, “Don Kixotluq” kimi qəbul olunur, elə bir çirkli mənəvi atmosfer yaradılıb ki, camaat 500-600 manatlıq maaşla 3-4 milyon manatlıq villalar ucaldanlara, 200-300 min manatlıq “inomarkalarda” şütüyənləri hörmətli adamlar kimi qəbul edir, övladlarına onları nümunə kimi göstərirlər.
Bax bizi belə utancverici, ürəkbulandıran mənzərə ilə üz-üzə qoydular. Elə bir mənzərə ilə ki, onu sözlərlə ifadə etmək müşkül olduğu kimi, keçmişdən və bu gündən hansısa örnəklərlə müqayisə etmək də mümkünsüzdür. Başımıza gələnlərin – gətirilənlərin nə keçmişdə bənzərləri var, nə indi. Çətin ki, gələcəkdə olsun.
…Bağışla məni, Baron Münhauzen!