Bu dəfə hökumətin korrupsiya ortağı kimi Liberman göstərildi
Bu ölkəni dünyaya müsbət nümunələrlə tanıtmaq olardı. Yəni, Azərbaycanın adı çəkiləndə elmin, təhsilin, səhiyyənin, şəffaflığın, iqtisadiyyatın, sosial rifahın, vətəndaşa qayğının olduğu bir ölkə yada düşə bilərdi. Amma YAP hökuməti ölkənin imicinə elə bir “möhür” vurdu ki, bütün sahələr üzrə Azərbaycan “qara siyahı”ya düşüb.
Seçki saxtakarlığına, korrupsiyaya, repressiyaya, məmur özbaşınalığına, hüquqsuzluğa görə ön sıralardayıq.
Hətta hansısa ölkədə hansısa deputatın, konqresmennin, nazirin, iş adamının adı korrupsiyada hallanırsa, həmin çirkin işdə Azərbaycanın adı hallanır. Məlum olur ki, bu adamlar Azərbaycan hökumətiylə biabrıçı əməkdaşlığa görə ittiham olunur.
Məsələn, hökumətimizin “kürü diplomatiyası” Avropa Şurasında “ad” qazandı. Buna görə bir neçə deputatlara töhmət verildi. Vəziyyət o həddə çatdı ki, Avropa Şurasında heç bir ölkənin nümayəndələri Azərbyacan nümayəndə heyəti ilə yanaşı oturmadı, ünsiyyətdə olmadı. Çünki, heç kim adının çirkli əməkdaşlıqda hallanmasını istəmirdi. Bundan əlavə Toni Bleyerin, Aqramuntun, Eskuderonun Azərbaycan hökumətiylə əlaqələri üzə çıxdı və bu admalar ciddi tənqid obyektinə çevrildilər. Kojenin qalmaqalı hamının yadındadır. Ingilis şəhzadəsi Endryunun Ilham Əliyevlə görüşündən sonra ölkəsində tənqid olunması da yaxın tarixin hadisəsisidir. Hətta bu hökumətin xarici ölkələrdəki konsullarının “macəra”ları da utancvericidir. Mərkəzi Bankın Avstriyada çirkli pullar yuması və bununla bağlı məhkəmə prosesinin davam etməsi də hamıya məlumdur. Demək istəyirik ki, hökumətimizin dünyadakı fəaliyyəti həmişə neqativ istiqamətdə olub. Nəticədə bəlli olub ki, hökumət rüşvət verməklə kimlərisə ələ almaq, hansısa çirkli niyyəti həyata keçirmək istəyib.
Son olaraq isə belə bir hadisə Israilin keçmiş naziri Aviqdor Libermanla bağlı oldu. Belə ki, Israil parlamentində (Knesset) “Bizim evimiz Israil” partiyasının təqdim etdiyi “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı qalmaqal baş verib. solçu MERETS partiyasının lideriÿZaava Qalyonla Aviqdor Liberman arasında qarşıdurma yaranıb. Zaava Qalyon qanun layihəsini sərt tənqid edərək deyib ki, onu irəli sürənlərin özləri xarici agentdir. Özü də Azərbaycan hökumətinin agentləri. O bildirib ki, “Bizim evimiz Israil” partiyasının sədri Aviqdor Liberman Azərbaycan hökumətindən qanunsuz yardım alıb. Azərbaycandan pul alan struktur kimi Qalyon Azərbaycan-Israil Dostluq Assosiasiyası AzIz-i misal göstərib. Onun sözlərinə görə, həmin təşkilat Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir və Libermanın partiyasına xidmət edir.
Daha sonra o, Libermanın xarici işlər naziri olarkən SOCAR tərəfindən təşkil edilən konfransda iştirakını “kompromat” kimi xatırladıb.
Göründüyü kimi hökumətimizin “barmağı” hər yerə uzanıb. Hamını öz “faaliyyət”lərinə şərik edə biliblər. Neft pulları dövlətin və millətin maraqları naminə deyil, şəxsi maraqların təmin olunması üçün sərf olunub. Həm dövlətin milyardları talan edilib, həm də dövlətin imici ləkələnib. Ümumiyyətlə, qara işlər görmək istəyən adamlar hansı ünvana üz tutmağı dəqiq biliblər. Korrupsiya layihəsi həyata keçirmək istəyənlər, çirkli pulları yumaq istəyənlər “Asan xidmət” kimi Azərbaycan hökumətindən istifadə ediblər. Bəli, ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik Cümhuriyyət kimi tarixə düşən Azərbaycan, 21-ci əsrdə “korrupsiya məmləkəti” kimi ad qazanıb. Bu hökumətin özfəaliyyəti bundan ibarət olub.
Samir