Şərlənərək həbs edilənləri müdafiəsiz qoymaq istəyirlər
Mövcud hakimiyyətin “diqqət və qayğısı” nəticəsində Azərbaycanda hüquq sistemi “koma” vəziyyətindədir. Uzun illərdi ki, bu ölkədə məhkəmələr ədalətin bərpa olunduğu deyil, sifarişlərin icra edildiyi yer kimi tanınır. Xüsusən siyasi motivli məhkəmə proseslərində biabırçılığın, absurdun, qanunsuzluğun həddi-hüdudu olmur. Insanlar siyasi baxışlarına, haqlı tənqidlərinə görə qondarma ittihamlarla həbs olunur. Ittihamlar o qədər absurd və primitiv olur ki, istənilən şəxs vəkilsiz də özünü müdafiə edə, günahsızlığını sübuta yetirə bilir.
Amma hökumət vicdanlı, cəsarətli, günahsız insanları şərləməklə kifayətlənmir. Növbəti addım kimi qanunsuz həbs etdikləri insanları müdafiə edən vəkilləri də sıradan çıxarmağa girişiblər. Yəni hüquq sistemini məhv ediblər, indi də vicdanlı hüquqşünasları sıradan çıxarmaq istəyirlər və bu prosesə başlanılıb. Indiyə qədər xeyli hüquqşünas vəkillikdən kənarlaşdırılıb, Vəkillər Kollegiyasından çıxarılıb, bəzilərinə ölkədən çıxmaq qadağası var, bəzilərinin bank hesabları dondurulub və s.
Faktiki olaraq hökumət “şər suyu” içməyən, yalanı müdafiə etməyən hüquqşünaslara qarşı müharibəyə başlayıb.
Məsələ burasındadır ki, hökumətin ən peşəkar, təcrübəli hakimləri, prokurorları da bu qondarma ittihamlara həqiqət donu geyindirə bilmir. Sifariş, böhtan o qədər çılpaq şəkildədir ki, heç bir hakim bunu gizlədə bilmir. Elə ilk məhkəmədə bütün maskalar cırılır. Bəli, Ali Məhkəmənin, Apelyasiya Məhəkəmsinin, rayon məhkəmələrinin təcrübəli hakimləri haqqı müdafiə edən ən təcrübəsiz vəkilin qarşısında “mat” qalıblar. Ötən müddət ərzində Əlayif Həsənov, Xalid Bağırov, Aslan Ismayılov, Qurban Məmmədov, Elçin Namazov və digərləri vəkillikdən uzaqlaşdırılıb. Intiqam Əliyev, Ənnağı Hacıbəyli və digərləri, ümumiyyətlə, Vəkillər Kollegiyasına yaxın buraxılmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, “hüquqşünas ovu”nda məqsəd sifarişlə həbs olunanları müdafiəsiz qoymaqdır.
Başqa bir məqam bundan ibarətdir ki, bir qayda olaraq sifarişli həbslərlə bağlı Avropa Məhkəməsinə müraciət olunur və həmişə Avropa Məhkəməsinin qərarları hökumətin məğlubiyyəti ilə nəticələnir. Hökumət isə Avropa Məhkəməsinin qərarları əsasında günahsız həbs olunanlara təzminat ödəyir. Yəni bu həbslərin qondarma olduğunu hökumət qəbul edir və Avropa Məhkəməsinin ünvanladığı suallara cavab verə bilmir.
Son olaraq isə vicdanlı, həqiqətpərəst vəkil kimi tanıdığımız, həmişə haqqı tapdananların yanında olan Yalçın Imanovu hədəf seçiblər. Belə ki, Yalçın Imanovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət olunacaq. Fevralın 12-də Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd Ibrahimin işinə baxan hakim Turqay Hüseynov bu barədə qərar qəbul edib. Bəli, Məmməd Ibarihmə qarşı hakimiyyətin “şər planı”nı Yalçın Imanov ifşa edib və buna görə də onu zərərsizləşdirmək istəyirlər.
Yuxarıda da qeyd etdiyimiz kimi, belə vəkillərin fəaliyyət göstərməsi hökumətin “plan”larını pozur. Həm ölkə daxilində, həm də dünya miqyasında hamıya bəlli olur ki, “cinayətkar” damğası vurulan adamlar, əslində ləyaqətli insanlardı. Hətta bu adamlara dünyanın nüfuzlu mükafatları verilir, beynəlxalq təşkilatlar onları “vicdan məhbusu” kimi tanıyır.
Bir sözlə, hökumət hüquq sisteminin tamam yetim qoymaq, qanunsuz əməlləri gizlətmək və sərbəst şəkildə şərləmək üçün vicdanlı hüquqşünasları da ləkələmək qərarı verib. Bu hökumətə həqiqəti üzə çıxaran yox, yalanı müdafiə edən vəkillər lazımdır.
Samir