İrana görə neft qiymətləri qalxmayacaq

iran-bayraq1“The Guardian” qəzeti yazır ki, neft hasilatının dondurulmasına dair Səudiyyənin qərarı İran tərəfindən alqışlandıqdan sonra neft qiymətləri 6.7 faiz yüksəlib.

Lakin qəzetin enerji redaktoru Terry Macalister yazır ki, Tehran neft qiymətlərinin sabitləşməsi üçün özünün nə kimi təşəbbüsdə bulunacağı barədə heç nə deməyib.

İranın neft naziri Bijan Zəngəne İraq, Qətər və Venesueladan olan həmkarları ilə görüşdən sonra deyib ki, onun ölkəsi “bazarın sabitləşməsinə və qiymətin yaxşılaşdırılmasına” yönəlmiş bütün tədbirləri alqışlayır.

“The Guardian” yazır ki, İranın başqa neft rəsmiləri daha açıq danışıblar. Onlar bildiriblər ki, İran hazırda bazara yenicə qayıdıb və qiymət xatirinə hasilatı qısa bilməz. İran minnətçiləri utandırıb

Məqalədə deyilir ki, OPEC kartelinin aparıcı oyunçusu olan Səudiyyə Ərəbistanı neft hasilatını yanvar ayının səviyyəsində dondurmaq barədə Rusiya ilə razılaşma əldə edib. Amma burada bir məsələ var ki, Səudiyyə bu güzəştə yalnız başqa böyük ixracatçılar da belə bir addım atarlarsa, gedəcəyini bildirib.

Terry Macalister yazır ki, həm Rusiya, həm də Səudiyyə iki əsas OPEC üzvünü – İranı və İraqı da razılaşmaya gətirmək istəyirlər, lakin Bağdad və Tehran hazırda, əksinə hasilatı artırmaq barədə düşünür.

“Sanksiyalardan təzəcə çıxmış İrandan hasilatı dondurmağı xahiş etmək tam məntiqsiz görünür, – deyib İranın OPEC-dəki elçisi Mehdi Asali, – Neft qiymətlərinin düşməsinə bəzi ölkələrin hasilatı artırması səbəb olub”.

“İndi onlar İrandan necə gözləyə bilərlər ki, o, əməkdaşlıq etsin? Biz dəfələrlə demişik ki, İran hasilatı sanksiyalardan əvvəlki səviyyəyədək qaldırmağı planlaşdırır” – deyib Asali. İran lap razılaşsaydı da…

“The Guardian” yazır ki, İranın Səudiyyə ilə hər hansı sövdələşməyə hazır olacağı lap əvvəldən də gözlənilən deyildi və burada söhbət, Suriyaya görə iki ölkə arasındakı düşmənçilikdən daha çox neft siyasətindən gedir.

Macalisterin fikrincə, İran hətta Səudiyyənin təşəbbüsünə qoşulsaydı belə, bunun neft qiymətlərinin dəyişməsinə təsir göstərəcəyinə böyük şübhələr vardı. Goldman Sachs investisiya bankının ekspertləri bildirirlər ki, neftin ucuzluğu neftə tələbatın dəyişməz olaraq qalması ilə bağlıdır.

Onların fikrincə, neftə tələbat artmadıqca qiymətlər indiki səviyyəsində qalacaq.

Səudiyyənin sözü daha ötmür

Qəzet yazır ki, bundan əvvəlki qiymət böhranlarında Səudiyyə, başqa hasilatçıları yola gətirə bilirdi. Məsələn, 2001-ci ildə Meksika, Norveç və hətta Rusiya neft qiymətlərinin qaldırılmasına töhfə verəcəklərini vəd etmişdilər.

Lakin hazırda OPEC üzvləri qiymətin qaldırılması yox, Amerikanın şist nefti üçün dözülməz rəqabət yaradılması və onun bazardan çıxarılması barədə düşünürlər. Tehranda yaşayan neft eksperti Reza Zəndi Reuters agentliyinə bildirib ki, neft hasilatını sanksiyalardan əvvəlki səviyəyə çatdırmaq yalnız neft nazirinin yox, bütövlükdə İran hakimiyyətinin qərarıdır.

“Neft hasilatının dondurulması hazırda İranın maraqlarına ziddir və Zəngəne belə bir təklifi qəbul edə bilməzdi” – deyib ekspert.

Qəzet yazır ki, hətta belə bir vəziyyətdə də neftin qiyməti 4 faiz yüksəlib, lakin perspektivlər tam qeyri-müəyəndir.

Ötən ay Səudiyyə bəyan etmişdi ki, hətta dövlət neft şirkətinin bir hissəsini satışa çıxara bilər. “The Guardian” yazır ki, neft qiymətlərinin aşağı olması Britaniya istehlakçılarını sevindirsə də, Şimal dənizi mədənlərində 70 min iş yerinin ixtisarına səbəb olub. (BBC azeri)