Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ciddi dəyişiklik baş verib. Söhbət “İcbari sığortalar haqqında” qanuna edilmiş dəyişikliklərin qüvvəyə minməsindən gedir. Bununla bağlı artıq Prezident İlham Əliyev sərəncam imzalayıb. Yeni qanuna görə, bundan sonra müştərisinin mülki məsuliyyətini icbari qaydada sığortalayan şirkət başqa sürücüyə deyil, elə öz müştərisinə dəymiş ziyanı ödəyəcək. Amma müəyyən şərt daxilində. Dəyişikliyi misalla izah edəcəyik.
Tutaq ki, “Mercedes” markalı avtomobil var və onun sahibi mülki məsuliyyətini “A” sığorta şirkətində sığortalayıb. “BMW” markalı digər avtomobilin icbari sığortası ilə “B” sığorta şirkətində edilib. Sığorta hadisəsi baş verib və “Mercedes” “BMW”ni vurub.
Əgər qəza nəticəsində digər əmlaka və ya sağlamlığa ziyan dəyməyibsə, yəni qəzanın iştirakçısı elə bu iki avtomobildirsə, onda “BMW”yə dəymiş ziyanı elə öz sığorta şirkəti – “B” ödəyir.
“İcbari sığortalar haqqında” əvvəlki qanuna görə isə, “BMW”nin sürücüsü maşını düzəltdirmək üçün “A” sığorta şirkətinə getməli idi. Yəni, ziyanı “A” şirkəti ödəməli idi. İndi isə “B” müştərisinə dəymiş ziyanı ödəyəcək, daha sonra isə həmin məbləği “A”dan alacaq.
Bununla belə, əgər başqası tərəfindən vurulmuş avtomobilin özünün icbari sığortası yoxdursa, vurulmuş ziyan yenə də qarşı tərəfin öhdəsinə düşür. Yəni, tutaq ki, “Mercedes”in sürücüsü icbari qaydada sığortalanıb. “BMW” sürücüsünün isə icbari sığortası yoxdur. Əgər qəza nəticəsində “Mercedes” “BMW”-ni vurubsa, maşını təmir edilməsi məsələsini də “Mercedes”in sığorta şirkəti həll etməlidir.
Sığorta bazarı üzrə mütəxəssislər hesab edir ki, avtomobillərin icbari sığortası qaydasının dəyişdirilməsi sığorta şirkətlərinin məsuliyyətini artıracaq, onları öz müştərilərinə daha keyfiyyətli xidmət göstərməyə vadar edəcək. Çünki, əvvəlki qaydalara görə müştərinin mülki məsuliyyətini sığortalayan şirkət öz müştərisinə birbaşa xidmət göstərmirdi, qarşı tərəfə isə yüksək səviyyədə xidmət göstərməkdə elə də maraqlı deyildi.
İndi isə sığortaçı müştərisini itirməmək üçün dəymiş ziyanı bacardıqca yaxşı ödəməyə, avtomobili daha tez və daha keyfiyyətli təmir etdirməyə çalışacaq. Çünki, necə deyərlər, bu gün sabahı da var və bu il onun xidmətindən müştərini heç bir şirkət itirmək istəmə.