Nurəddin Məmmədli: «Demokratik təsisatların Azərbaycandan üzr istəməli olduğunun bəyan olunması orta əsr yanaşmasıdır»
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə verdiyi müsahibə ilə bağlı qalmaqal davam edir. A.Əzimovun Suriya ilə bağlı söylədikləri mətbuatda geniş müzakirə olundu.
A.Əzimovun Suriyaya açıq formada dəstək verməsi birmənalı dəyərləndirilmədi. Amma A.Əzimovun müsahibəsində bir sıra başqa məqamlar da diqqət çəkir. Məsələn, ölkədə aparılan siyasi islahatlarla bağlı suala cavabında A.Əzimov “Asan Xidmət”dən bir neçə dəqiqəyə şəxsiyyət vəsiqəsinin alınmasının mümkünlüyünü misal çəkir. Eyni zamanda Azərbaycan-Avropa Birliyi münasibətləri ilə də bağlı A.Əzimovun fikirləri maraq doğurur. Diplomat açıq formada bəyan edib ki, Azərbaycanın yeri Avpropa məkanında deyil. A.Əzimovun “demokratik təsisatlar bizdən üzr istəməlidir” fikri də həm maraq, həm də təəccüb doğurur.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, A.Əzimov diplomatiya korpusumuzda bacarıqlı kadrlardan biri sayılırdı. Amma müsahibədə söylənilənlər onun barəsindəki bütün fikirləri alt-üst edib: “Suriya ilə bağlı söylənilən fikirlər aydındır. Bu mövqe Rusiyanın təsiri altında verilib. Amma siyasi məsələlərlə bağlı söylədiyi fikirlər tamamilə anti-demokratik, totalitar düşüncənin nəticəsi kimi ortaya çıxıb. Demokratik təsisatların Azərbaycandan üzr istəməli olduğunun deyilməsi orta əsr yanaşmasıdır. Bütün bunlar Azərbaycanın gələcək perspektivləri ilə bağlı problemlərin olduğunu ortaya qoyur”.
N.Məmmədlinin sözlərinə görə, hazırda regionumuzda və dünyada baş verən proseslər ümumi demokratikləşmənin təzahürüdür. Hakimiyyət təmsilçisinin isə məsələlərə bu cür yanaşması sadəcə olaraq əlacsızlıqdan meydana çıxıb. “Demokratik rejimin formalaşması bu hakimiyyətin çökməsi deməkdir. Ona görə bunlar anti-demokratik ab-havanı daha da gücləndirməklə məşğuldurlar. Bu addımlar hakimiyyətin ömrünün uzadılmasına xidmət edir. Amma iqtidarın yürütdüyü siyasətin sonunun çatdığını bir sıra məqamlar göstərir. Artıq demokratik dünya Azərbaycanın bu repressiv siyasətinə dözmək niyyətində deyil. Bunu Azərbaycana qarşı sanksiyaların tətbiq edilə bilməsi də təsdiqləyir”, deyə N.Məmmədli vurğuladı.
Xəyal