AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinin maliyyə böhranı üzündən nəşrini daynadırmaq təhlükəsi qarşısında qalmasından yazıb. AXCP sədrinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:
Dostlar, “Azadlıq” qəzetinin və saytının bağlanmasını təsəvvür edirsiniz? Təsəvvür edirsiniz, bu halda nə qədər haqsızlıq, qanunsuzluq, korrupsiya, vəzifə cinayətləri xalqdan gizlədilər və bütün bunların nəticəsi olaraq ölkədəki şər qüvvələrin ayağı necə yer alar? “Azadlıq” bağlansa, minlərlə hüququ pozulan, haqqı tapdalanan vətəndaşımızın dərdini ictimaiyyətə çatdıracaq tribunadan məhrum olacağını bilirsiniz? Bu halda İlham Əliyev başda olmaqla, ölkəni idarə edən əsas qüvvələrin mətbuatda tənqiddən kənar qalacağının fərqindəsiniz?
Bu sualları elə-belə vermirəm. Qəzetin başında yenə təhlükə var. Kollektivi hər cür təzyiqə məruz qoyurlar, üstəlik satdıqları qəzetin 70 min manat (manatın yaxşı vaxtlarında) pulunu YAP-çı deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” firması qəzetə vermir. Nəticədə qəzetin yenidən nəşriyyata xeyli borcu yaranıb. Bu gündən qəzetin çıxmamaq təhlükəsi yaranmışdı, son anda nəşriyyatdan 1 həftə möhlət ala biliblər. Qəzetin oxuculara müraciətini şərh bölümündə oxuya bilərsiniz. Həmin müraciətdə qəzetə necə kömək edə biləcəyiniz yazılıb. Mən isə əksəriyyətin edə biləcəyi bir kömək vatiantı təklif edirəm.
Sirr deyil ki, internet istifadəçilərinin xeyli hissəsi qəzeti saytdan oxuyur və kağız variantını almır. Amma nəzərə almaq lazımdır ki, o sevə-sevə oxuduğunuz “azadliq.info” saytı 30-40 nəfərin əməyinin məhsuludur. Qəzet yaşamasa, o saytı da yaşatmaq mümkün olmayacaq, çünki sayt kollektivə pul qazandırmır. Kollektivin yeganə qazancı qəzetin satışından əldə olunur. Ona görə də hamınıza müraciət edirəm ki, ən azı hər gün “Azadlıq” qəzetini almaqla bu azad söz qalasının ayaqda qalmasına öz dəstəyinizi verin. Siz şəxsən qəzetin elektron variantını oxumağa üstünlük verirsinizsə də, qəzeti alıb, ailə üzvlərinizə, yaxınlarınıza verə bilərsiniz.
Xüsusilə devalvasiyadan sonra əksəriyyətin maddi durumunun pis olduğunun fərqindəyəm. Amma elə işlər var ki, biz millət olaraq onu bacarmalıyıq. Azad sözün son qalası olan “Azadlıq” qəzetini yaşatmaq da belə şərəfli işlərdəndir. Millət olaraq birlikdə “Azadlıq”ı qoruya biləcəyimizə və bir gün böyük azadlığımıza da qovuşacağımıza inanıram!