Bu gün Binəqədi Rayon Məhkəməsində həbsdə olan şair Saday Şəkərlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üzrə vəsatətə baxılıb.
Məhkəmədə şairin vəkili Bəhruz Bayramov tərəfindən bütün əsaslı dəlillər təqdim olunmasına baxmayaraq, hakim həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatəti rədd edib. Ailə üzvlərinin verdiyi məlumata görə, məhkəmədə şairin şəkər xəstəliyi ilə bağlı həkim arayışları da təqdim olunub. Həmin arayışda şairin əziyyət çəkdiyi şəkərin beyinlə bağlı ən qorxulu halı olduğu vurğulanıb, amma məhkəmə bu faktı da nəzərə almayıb. Vəkil B. Bayramov qərarı ədalətsiz hesab etdiklərini və apellyasiya şikayəti verəcəklərini bildirib.
Xatırladaq ki, Saday Şəkərli Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Şair özü isə ittihamın uydurma olduğunu, həbsinin “Qurd ürəyi” kitabı ilə bağlı olduğunu bildirir.