Yaxud, qəbulu harda dayandırmaq lazımdır
Hökumətimizin “ciddi” islahatları davam edir. Indi də YAP daxilində şəffaflığı, təmizliyi təmin etmək üçün yaşlı nəslin partiyaya qəbulunu dayandırıblar. Sanki, partiyanın yeganə qüsurlu, axsayan, legitimliyinə xələl gətərirən bir amil var imiş, o da yaşlıların məkrli məqsədlərlə partiyaya üzv olmaq istəməsiymiş.
Bəli, YAP-çı deputat Siyavuş Novruzov belə də deyib: “YAP-da qəbul məsələsinə çox ciddi yanaşırıq. Yaşlı nəslin nümayəndələrinin YAP-aÿqəbulunu dayandırmışıq. Yeni üzvlərin 75 faizi gənclərdir. Yaşlı insanlar üzvlük üçün müraciət edərkən onlarla bağlıÿaraşdırma aparırıq. Araşdırmanın nəticəsindən asılı olaraq, qərar qəbul edəcəyik. Tutaq ki, 50-60 yaşlı insan partiyaya üzv olursa, deməli, burada hansısa məqsədi var. Belə hallar bir neçə dəfə olub. Elə insanlar olub ki, bələdiyyə seçkilərində qələbə qazanmaq üçün partiya sıralarına üzv olub. Biz belə halların qarşısını alırıq”.
Öncə qeyd edək ki, Siyavuş Novruzovun narahatlığı və arqumenti əsassızdır. Çünki, bu ölkədə bələdiyyə sədri, millət vəkili xalqın səsiylə deyil, təyinatla seçilir. Ona görə də kiminsə seçkilərdə qalib olmaq niyyətiylə partiyaya üzv olması istəməsi, partiyanı narahat etməməlidir. Amma heç inandırıcı deyil ki, bu gün kimlərsə YAP-a üzv olmaq üçün növbəyə dayansın, israr etsin. Heç neft pulları fontan vuranda, hökumət analoqsuz inkişafdan danışanda bu partiyaya könüllü üzvlük olmayıb. Büdcə təşkilatlarında çalışanlar, tələbələr məcburi şəkildə partiyaya üzv edilib. Adamlara başa salıblar ki, YAP-ın biletini daşımasa, çətin sınaqlarla üz-üzə qala bilər. Həm də bu məcburi üzvlərin sayı 650 mini keçib və ötən il hakim partiya üzvlük haqlarından 6 milyon manatdan artıq gəlir əldə edib.
Amma toxunmaq istədiyimiz əsas məqam tamam başqadır. Hesab edirik ki, yaşlı nəslin partiyaya qəbulunu deyil, yaşlı nəslin yüksək postlara qəbulunu dayandırmaq lazımdır. Çünki, 70 yaşlı kişinin YAP bileti daşıması təhlükəli deyil, amma 70 yaşlı kişilərin yüksək vəzifələri “zanit” etməsi təhlükəlidir. Təsadüfi deyil ki, Azərbaycan hökumətini “Qocalar hökuməti” adlandırırlar. Bu ölkədə 40-45 yaşlı adamın hansısa yüksək postda olması sensasiya hesab edilir. Qonşu Gürcüstanda isə baş nazirin 33 yaşı var. Yəni, Azərbaycandakı həmkarı Artur Rəsizadənin nəvəsi yaşındadır. Necə olur ki, partiya üzvlərinin 75 faizini gənclər, hökumət komandasının 95 faizini qocalar təşkil edir?
Faktiki olaraq parlamentdən tutmuş, Prezident Aparatına qədər bütün strukturlarda “həmişəyaşıl kadrlar” oturub və vəzifə kürsüsündən əl çəkmək istəmirlər.
Niyə, 60-65 yaşlı şəxsin bələdiyyə sədri olmaq istəyi qeyri-məqbul, 20-25 il deputat, nazir, komitə sədri olmaq isə məqbul hesab edilir?
Əslində, YAP-ın bu qərarı hökumətin özünə qarşı yönəlir. 23 il vəzifə hakimiyyətdən bərk-bərk yapışan adamlar, kimlərinsə partiya xəttiylə bələdiyyə sədri olmaq istəyinə qarşı çıxır.
Ümumiyyətlə, hakim partiyada hansı “ənənə”lərin yaranması bizi maraqlandırmır. Sadəcə olaraq demək istəyirik ki, partiyaya üzvlüklə bağlı verdiyiniz qərarı, hökumət komandasına da şamil edin. Həm də partiyaya üzv olmaq istəyən adamın “məkrli niyyəti” hələ sübut olunmayıb. Amma hökumət komandasında təmsil olunan “starik”lər bütün niyyətlərini uzun illər ərzində ortaya qoyublar.
Bir sözlə, sıravi qocalara “qırmızı işıq”, stajlı qocalara “yaşıl işıq” yandırmaq, “yol hərəkətin”ni pozmaqdır. Bu boyda qəzaya imkan vermək olmaz.
İlham