Bu yaxınlarda Prezident Aparatının rəsmisi Şahin Əliyev AZƏRTAC-a verdiyi müsahibəsində hüququn yeni subyektindən söz açıb. Məsələnin təhsillə xüsusi bağlılığını nəzərə alıb bəzi qeydlər etməyi vacib bildik.
Ölkəmizin Qərb ilə iqtisadi əlaqələri gün- gündən genişlənsə də, hüquqi sənədlərimizdə rus dilindən kalkaların sayı nəinki azalır, hətta artmaqda davam edir. Termin orijinalda “legal entity of public law” kimidir. Ruslar onu belə tərcümə ediblər: юридическое лицо публичного права. Rus dilinə tərcümədə anlayışın mahiyyəti olduğu kimi saxlanılıb. Şahin müəllim müsahibəsində qeyd edir ki, anlayış yeni olduğu üçün ali məktəb dərsliklərində öz əksini tapmamışdır. Belə çıxır ki, tərcümə məhz Ş. Əliyevə məxsusdur. Güman edirəm ki, tərcümə orijinala istinad etməklə aparılsaydı, belə alınardı: publik hüququn qanuni şəxsi. Tərcüməçi məhz “hüquq” sözünü iki dəfə (həm sifət , həm də isim kimi)təkrar etməmək xatirinə sadə variantı seçmişdir: publik hüquqi şəxs. Məhz buna görə də anlayışın əsl mahiyyəti itmişdir, yəni “şəxs” sözünü həmcins olmayan təyinlər müəyyən etmişdir. Məsələ ondadır ki, qanuni şəxsin publik hüquqa məxsus olduğu anlayışda öz əksini tapa bilməmişdir, daha sadə, “publik hüquq” sözünün yiyəlik haqqı itirilmişdir. İngiliscə “legal” sözünün 2- ci mənası da məhz “qanuni” deməkdir. Azərbaycan dilində də həmin sözün ilkin mənası eyni anlamı verir. Anlayış “publik hüququn leqal subyekti” və ya “ publik hüququn leqal şəxsi” şəklində də tərcümə edilsəydi, heç də onun mahiyyətinə xələl gəlməzdi.
Ş. Əliyevin müsahibəsini diqqətlə oxusaq, oradan inildəyən büdcəmizin səsi gəldiyini rahat hiss etmək olar. Çox sadə, dövlət bir çox müəssisələrin, o cümlədən bir sıra təhsil ocaqlarının özünü maliyyələşdirməsinin fərqindədir. Maliyyə Bazarlarına Nəzarət Palatası yaratmaq ideyası da məhz bu məqsəddən irəli gəlir.
PA rəsmisinin müsahibəsində təhsildə yeni subyektin- qanuni şəxsin yaradılması məsələsinə də müəyyən aydınlıq gətirilmişdir. Onun qeydlərindən belə anlaşılmışdır ki, ali məktəblər dövlət müəssisələri olduğu üçün pullu xidmət göstərə bilməz, çünki onlar vətəndaşların vergisi əsasında maliyyələşir. Çox düzgün yanaşmadır. Sirr deyil ki, dövlət ali təhsil müəssisələrində ödənişli yerlərin sayı kifayət qədərdir. Belə çıxır ki, bu müəssisələrin indiyə qədər vətəndaşlara göstərdiyi ödənişli təhsil xidməti qanuna zidd imiş. Məhz indi istəyirlər ki, belə müəssisələri publik hüquq kateqoriyasına aid etməklə anlaşılmazlıq aradan götürülsün. Güman edirəm ki, burada da məqsəd ödənişli plan yerlərinin sayını xeyli çoxaltmaqdır, ona görə də valideynlər indidən əllərini cibinə salıb hazır qalsınlar.
Diqqətlə nəzər yetirsək, heç yerdə pulsuz təhsil yoxdur. Ola bilməz ki, insan fəaliyyət göstərsin və həmin fəaliyyətə bu və ya digər səviyyədə qiymət verilməsin. Əslində, “pulsuz təhsil” anlayışının adında təhsilverənin ünvanına bir təhqir var. Təhsil həmişə ödənişli olub. Təhsilin haqqını ya dövlət, ya bələdiyyə , ya da ayrı- ayrı vətəndaşlar ödəyir. Məgər övladlarımız pulsuz təhsil alırlar? Məktəbəqədər təhsildən tutmuş ali məktəblərə kimi valideynlər rəsmi və ya qeyri- rəsmi ödəniş etməkdə davam edirlər. Azərbaycanda təhsilin bir nicat yolu var- özəl təhsil . Təəssüf ki, vətəndaşlarımız “pullu təhsil” anlayışından çox qorxurlar. Hətta bəziləri özəl təhsili bilərəkdən şantaj edir- bəs kasıbların balaları? Biz onun tərəfindəyik ki, təhsilin maliyyəsi dövlət büdcəsindən ödənilsin, lakin ödəmək hüququ valideynlərə- təhsilalanların nümayəndələrinə verilsin. Biz özəl təhsili bu yolla maliyyələşdirsək və onu təhsilin digər sektorları ilə rəqabətə buraxsaq, onda qaymaqlar üzə çıxacaq. Bundan isə həm dövlət , həm də vətəndaşlar qazanacaq.
Nəhayət, daha bir vacib məqamı qeyd etmək istərdim. Şahin müəllim publik hüququn qanuni şəxsini fərqləndirən cəhətləri qeyd edir: ona qarşı məhkəmə iddiası qaldırıla bilməz, o müflis ola bilməz və s. Bütün bu imtiyazların əsasında dayanan odur ki, publik hüququn qanuni şəxsi dövlət üçün vacib olan funksiyaları yerinə yetirir. Nəzərə alsaq ki, Azərbaycanda vətəndaş cəmiyyəti məhv edilmişdir, həmin subyektlərin dövlətin maliyyəsindən sui- istifadə etməsi halları da istisna deyil. Beləliklə, vəttəndaş cəmiyyətinin geniş fəaliyyət göstərmədiyi bir mühitdə istənilən sosial xarakterli fəaliyyət fiaskoya uğrayır. Ona görə də Sovetlər zamanındakı sovxozları yenidən təhsil sahəsində dirçəltməyə ehtiyac yoxdur.