elnurastanbeyli@gmail.com
Xarici işlər nazirinin Araz Əzimov ad-soyadlı müavini Avstriyanın bir qəzetinə müsahibə verib, deyib ki, “Azərbaycanda iqtisadi vəziyyət stabildir… Onsuz da ÜDM-in dörddə üçü neftdən kənar sahələrdə idi”.
Əlbəttə, indi bu Əzimovdan soruşsan ki, qeyri-neft sektoru əgər həqiqətən də ÜDM-nin 75 faizini formalaşdırırsa, bəs niyə neftin qiyməti düşən kimi, 2016-cı ilin büdcəsini az qala yarıbayarı azaltmalı oldunuz, o, buna da mütləq quyruqlu bir yalan uyduracaq. Ümumiyyətlə, yapçıların qızıl-qırmızı yalan söyləmək bacarığına Baron Münhauzen də qibtə edə bilərdi.
Kimdir bu Baron Münhauzen? XVII əsrdə Almaniyada doğulub, rus ordusu sıralarında Türkiyə ilə iki dəfə müharibədə iştirak edib, Almaniyaya qayıtdıqdan sonra isə o, özü haqda ağlagəlməz sərgüzəştlər uydurmağa başlayıb, məsələn, top mərmisi üzərində Aya uçduğunu iddia edib, odur-budur, dünyanın ən məşhur yalançısı hesab edilir. Rudolf Erix Raspe onun sərgüzəştlərindən ibarət kitab da qələmə alıb, dilimizə çevrilib həmin əsər, maraqlananlar tapıb-oxuya bilərlər.
Yuxarıda da yazdıq, bizim yapçıların danışdıqlarına isə indi hətta Baron Münhauzenə belə həsəd apara bilər! Elə Araz Əzimovun yuxarıdakı sözlərinin yanında onun topun üzərində Aya uçması söhbəti toya getməlidir.
Yaxud mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsini oxuyuram dünən, deyir ki, “Azərbaycanda turizm yüz faiz özəl sektordur, ona görə də hökumət onların qiymətlərini formalaşdırmır”. Cümlənin birinci hissəsinə hətta bişmiş toyuğun da gülməyi tutar. Adamlar çörəyi qulağının dibinə yemirlər. Hamı bilir ki, bu ölkədə hansı daşı qaldırsan onun altından bir məmur çıxacaq, o cümlədən də turizm sahəsində. Bu ölkədə hansı otel kimindir, hansı restoranın arxasında kim durur, məmə deyəndən pəpə yeyənə hər kəsə aydındır. Camaatı bu qədər də qoyun yerinə qoymaq olmaz axı!
Təzəlikcə hörmətli tarixçimiz Altay Göyüşov facebook sosial şəbəkəsində taksi sürücüsü ilə maraqlı bir dialoqu paylaşmışdı, yeri düşüb, buradan da tirajlayım, vəziyyətin hansı faciəvi həddə çatdığı bir daha hər kəsə aydın olsun:
“Taksi sürücüsü:
– Ala, “Elmlər”dəki unverseti deyirsən?
– Hə.
– Ala, o universitet “Nərimanov”da filan restoran var a, bax oranın müdrinindir…”
Bu ölkədə universitet rektorunu açdığı restorana görə tanıyırlar, cənab Qarayev, siz daha nədən danışırsınız?!
Nazirin “hökumət turizm obyektlərinin qiymətlərinə qarışa bilməz” sözləri də anektod kimi səslənir. Iki səbəbdən:
Birinci, bir halda ki, ölkədə doğrudan lap bazar iqtisadiyyatı, sözün həqiqi mənasında özəl sektor, rəqabət mühiti var, bəs eyni hökumət yumurtanın qiymətinə necə qarışır?
Ikinci, sizə heç deyən də yoxdu ki, orta statistik azərbaycanlının cibinə uyğun qiymət müəyyənləşdirin. Onsuz da bir ovuc adamdan başqa bu ölkədə heç kimi istirahət, səyahət, əyləncə düşündürmür, hamı bir qarın çörək dərdindədir. Amma izahat verin görək, Azərbaycan xarici turistlər üçün belə, niyə cəzbedici deyil, onlar niyə Azərbaycana bu qədər az gəlirlər? Bəyəm viza şərtlərini asanlaşdırmaq da öz əlinizdə deyil? Bəyəm AZAL öz əlinizdə deyil, təyyarə biletlərini ucuzlaşdıra bilməzsiniz?
Hələ mən otellərə quraşdırdığınız gizli kameraları demirəm, hansı ki, həmin gizli kameralarla zaman-zaman müxalifətçilərin yataq səhnələrini çəkib öz düşük telekanallarınızda camaata göstərməyi böyük bir mərifət zənn edirdiniz. Bunu görən, eşidən, bilən hansı əcnəbi turist köpəyoğlu Azərbaycanda dincəlmək, istirahət etmək fikrinə düşə bilər?!
Qoy “milli Baron Münhauzenlərimiz” ölkənin düşdüyü hazırki acınacaqlı vəziyyətə görə özlərini məsuliyyətdən azad etmək üçün istədikləri qədər qızıl-qırmızı yalanlar üyütsünlər, onsuz da mənasızdır, artıq burnu fırtıqlı bağça uşağı da bilir ki, qarşılaşdığımız fəlakətli durumun yeganə səbəbi ölkədəki yarıtmaz, çağdışı, tamahkar idarəçilikdir.