Şirin Cəfərli deyir ki, həbsinin tələb olunması olduqca ədalətsiz yanaşmadır
“Gündəm xəbər” qəzetinin təsisçisiÿŞirin Cəfərlinin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Yasamal Rayon Məhkəməsində keçirilən bu prosesdə artıq məhkəmə istintaqı başa çatıb, ötən iclasda prokuror Sadiq Əkbərov çıxış edərək Şirin Cəfərlinin 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Dünənki məhkəmə iclasında Şirin Cəfərlinin vəkili Zaur Niftəliyev müdafiə nitqilə çıxış etməli idi. Lakin vəkil səhhətindəki problemlərlə əlaqədar prosesə qatılmayıb. Bu səbəbdən də məhkəmə fevralın 24-nə təyin olunub.
Şirin Cəfərli Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə hökmü və ya qərarını icra etməmə) maddəsilə ittiham olunur.
O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) ittihamı ilə 3 il şərti azadlıqdan məhrum edilib.
Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. O hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər Şirin Cəfərli 540 manat ödəyib. Şirin Cəfərli qalan məbləği ödəmədiyinə görə bu ilin fevralında 500 manat cərimələnib. Bundan sonra – martın 5-də isə Ədliyyə Nazirliyinin Istintaq Idarəsində ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını icra etməmə) maddəsilə cinayət işi başlanıb.
Şirin Cəfərli iddia edir ki, onun həbsinin tələb olunması olduqca ədalətsiz yanaşmadır: “Çünki üzərimə qoyulmuş 71 mindən artıq ödənişlə bağlı qərar qanunsuz və əsassızdır. ”Gündəm xəbər”in 8000 tirajla vurulub, hamısının da satılması fərziyəsilə qərar çıxarılıb. Özü də xərclər nəzərə almadan. Qəzet satışından – 40 qəpikdən yalnız çap xərci kimi 7 qəpik çıxıb, qalanı gəlir kimi hesablayıblar. Hamı bilir ki, bu yalandır”.
Aytən