DTX-da tanınmış vəkilə təzyiq olunur

irade-cavadovaİradə Cavadova: «DTX-nın Istintaq Baş Idarəsində baş verənlər barədə prezidentə şikayət olunub»

Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin keçmiş rəisi Rəşad Məmmədov da daxil olmaqla, bir neçə nəfərin təqsirləndirildiyi cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır. Bu iş üzrə təqsirləndirilən şəxslərlə yanaşı, onları müdafiə edən vəkillərə də ciddi problemlər yaradılır. Bu barədə təqsirləndirilən şəxslərdən biri Isfəndiyar Isfəndiyarovun vəkili Iradə Cavadova “facebook” səhifəsində məlumat yayıb.

Vəkil bildirir ki, müvəkkilinə CM-nin 178.2-ci (dəluduzluq) maddəsilə elan olunmuş ittihamı təsdiqləyən heç bir mötəbər sübut-dəlil yoxdur. Buna baxmayaraq, o, 9 aydan çoxdur ki, həbsdə saxlanılır. Müvəkkilinə qarşı qanunsuzluğun aradan qaldırılması üçün mütəmadi müvafiq dövlət orqanlarına müraciətlər göndərdiyini deyən vəkilin sözlərinə görə, bunun nəticəsi olaraq, həm özü, həm də hüquqlarını müdafiə etdiyi Isfəndiyar Isfəndiyarov təzyiqlərə məruz qalır.

“Dövlət Təhlükəsizlik Xidmətinin Istintaq Baş Idarəsinin rəisi Həsən Mansurov, şöbə müdiri Mahir Qasımov və müstəntiq Elşən Murtuzov istintaq hərəkəti adı ilə fevralın 15-də Isfəndiyar Isfəndiyarovu otaqlarına çağıraraq, ondan vəkil kimi məndən imtina etməsini istəyiblər. Bildiriblər ki, mənim Prezidentə, hüquq-mühafizə orqanlarına şikayətlərim onun xeyrinə olmayacaq. Bu iş ”yuxarıdan” tapşırıldığına görə belə davam edəcəyi təqdirdə, onun üçün xoşagəlməz nəticələrə səbəb ola bilər. Bundan əlavə, Isfəndiyar Isfəndiyarov başqalarına qarşı yalan ifadələr verməyə məcbur edilir”, – deyə Iradə Cavadova bildirib.

Vəkil qeyd edir ki, Istintaq Baş Idarəsi tərəfindən atılan bü cür addım açıq-aşkar insan hüquq və azadlıqlarının pozulmasıdır. Eyni zamanda, bu cinayət işinin istintaqının qanunsuz şəkildə aparıldığını bir daha sübut edir: “Bu müstəntiqlərin də gücü ancaq ona çatır ki, təqsirləndirilən şəxsi xoşları gəlməyən vəkildən imtinaya məcbur etdirsinlər. Yəqin ki, mənim verdiyim vəsatətlər xoşlarına gəlmir. Istintaq Idarəsində baş verənlər barədə Prezidentə şikayət göndərilib. Hesab edirəm ki, istintaq idarəsi vətəndaşların müdafiə hüququnu pozmaqla yox, 10 aydır ki, davam edən cinayət işinin istintaqının yekunlaşdırılması ilə məşğul olmalıdır”.

Informasiya şöbəsi