Azərbaycan hakimiyyətinə Rumıniya örnəyi

korrupsiyaOrda korrupsiyadan yazanlar, burda korrupsionerləri mədh edənlər mükafatlandırılır

Rumıniyada korrupsiya sxemini və məmurların qanundan kənar gəlirini aşkar edən kütləvi informasiya vasitəsi yaxud jurnalist bu vəsaitin 2%-ni alacaq. Rumıniya hakimiyyəti Xüsusi Jurnalist Araşdırmaları Fondu yaradıb. Rumıniyada prokurorların çoxu bir neçə min əmək haqqı alan gənclərdir. Onlar jurnalistlərin araşdırmasını sona çatdırmaqda maraqlıdır.

Bu inqilabı dəyişikliyin nəticəsi olaraq 20-dən çox deputat, onlarla nazir və yüksək rütbəli məmur, mer və oliqarxların işini istintaq araşdırır, bəziləri isə həbs cəzasına məhkum edilib.

Göründüyü kimi hökumət korrupsionerlərin üzə çıxarılması üçün jurnalistə mükafat vəd edir. Yəni, jurnalistdə stimul yaradılır ki, qeyri-qanuni halları daha həvəslə, isararla araşdırsın. Əslində, hökumət özü çirkaba batmayıbsa,  korrupsiya dövlət siyasətinə çevrilməyibsə, sistem çirkli pulların üstündə bərqərar olmayıbsa, belə bir addımın atılması təəccüblü də deyil.

Uzun illərdi Azərbaycanda da korrupsiyadan yazan jurnalistləri “mükafat”landırırlar. Bəli, ölkədəki neqativ halları dilə gətirən, korrupsiya layihələrini ifşa edən, vəzifəli şəxslərin oğurluqlarını araşdıran jurnalist ya həbs olunur, ya şər-böhtan qurbanı olur, ya doğmaları ilə şantaj edilir, ya da fiziki işgəncəyə məruz qalır. Məsələn, araşdırmaçı jurnalist Xədicə Ismayıl hökumətin korrupsiya layihələrini üzə çıxardığına görə həbs olunub. Ona qarşı müxtəlif ittihamlar irəli sürülüb və heç biri sübuta yetirilməyib. Üstəlik, hökumətin nəzarətində olan media orqanları, hökumətin sözçüləri bu xanım jurnalist haqqında iyrənc kampaniya aparır. Yaxud, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi hökumətin neqativ addımlarını, anti-xalq siyasətini ifşa etdiyinə görə həbsdədir. Bundan əlavə tənqidi fikirlər yazan bloggerlər, internet fəalları da şərlənərək həbs edilib.

Yəni, bu ölkədə korrupsiyanı üzə çıxartmağa görə yox,  korrupsionerləri mədh etməyə görə mükafat verilir. Bu ölkədə  milyonluq villalara, holdinqlərə, banklara sahib olanlar ən yüksək vəzifələrdə əyləşib. Bu ölkədə korrupsiyaya etiraz edənlərə “vətən xaini”, “ermənipərəst”, “anti- milli ünsür” damğası vurulur.

Xülasə, dünyada nə qədər müsbət nümunə varsa, bizim hökumətimiz onun əksini reallaşdırır. Rumıniyada həqiqəti yazanlar, Azərbaycanda yalanı tirajlayanlar mükafatlandırılır. Səbəb isə budur ki, sistem bütövlükdə “yoluxub” və heç kimin “xəstə” axtarmaq marağı yoxdur.

Samir