Komitə sədri Hicran Hüseynovanın dələduzluq əməlində hansı rolu olub?
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov vəkil Adəm Məmmədovun növbəti iddialarına münasibət bildirib. O, Modern.az saytının sorğusuna cavab olaraq araşdırmaların davam etdirildiyini qeyd edib:
“Biz Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin araşdırmalarının nəticələrini gözləyirik. Hələ ki, araşdırmalar davam edir”.
Elgün Səfərov vəkil Adəm Məmmədovun 170 min ABŞ dollarını keçmiş Aparat rəhbəri Səfər Imanovun şikayətçinin gözü qarşısında Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verməsi iddiasını əsassız adlandırıb: “Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə görə çox şey deyə bilər. Bu onun haqlı olduğunun göstəricisi deyil. Hər şey araşdırmaların nəticəsindən sonra bəlli olacaq”.
Qeyd edək ki, hüquqşünas Adəm Məmmədov icra hakimiyyətinin müavini postuna təyin olunmaq üçün 170 min ABŞ dolları verən şəxsin iddiaları üzrə onun hüquqlarını müdafiə edir. Adının çəkilməsini istəməyən iddiaçı, aparat rəhbəri Səfər Imanovdan 170 min ABŞ dolları müqabilində vəzifəyə təyin olunacağına təminat alsa da, aldadılıb. Aparat rəhbəri ölkəni tərk edib.
Adəm Məmmədov “Azadlıq”a açıqlamasında bildirib ki, bu məsələdə konkret olaraq Hicra Hüseynovanın da istintaqa cəlb olunması üçün əsaslar var: “Biz hələlik təfərrüatları açıqlamırıq. Lakin əlimizdə əsaslar var ki, Hicra Hüseynovanın da bu məsələdə ciddi rolu olub. Yəqin ki, istintaq bu məsələləri araşdıracaq”.
Adəm Məmmədov əlavə edib ki, bu Səfər Imanovun dələduzluq əməllərində Sumqayıt şəhərində gözəllik salonlarından birinin xanım sahibinin də rolu olub: “Hələlik adını açıqlamaq istəmirik. Onu deyə bilərəm ki, həmin qadın da ölkədən qaçıb”.