Müzəffər Baxışov: «Hər gün məhkəmələrdəki qanunsuzluqlar, digər məmurların əməlləri barədə yüzlərlə fakt ortaya qoyulur, amma heç bir tədbir görülmür»
Ictimai nəzarət haqqında yeni qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. Layihənin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məmurların vəzifə və funksiylarının, həmçinin, qanunların səmərəli icrası, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləməkdir.
Görəsən, bu nəzarət effekt verəcəkmi?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, cəmiyyətdə ictimai nəzarətə həmişə ehtiyac var. Ictimai nəzarət olmayan cəmiyyətlərdə özbaşınalıq, hərc-mərclik hökm sürür. Hüquqşünasın sözlərinə görə, ictimai nəzarətin olmaması məmurların qanunsuz hərəkətlərinə qarşı adekvat tədbirlərin görülməməsinə gətirib çıxarır. Bununla belə, Müzəffər Baxışov ölkədəki reallığı nəzərə alaraq, ictimai nəzarət haqqında qanunun hazırkı şəraitdə effektli olacağına inanmır. Fikrini də belə əsaslandırır: “Həmin qanun qəbul edilsə belə, ictimai nəzarətin həyata keçirilməsilə bağlı konkret səlahiyyətlər nəzərdə tutulmayacaq. Hesab edirəm ki, formal və təbliğat üçün nəzərdə tutulmuş bir qanun layihəsidir. Ölkə məhkəmələrinin qanunsuzluqları barədə demək olar ki, hər gün mətbuata dəqiq və dürüst, həqiqətə söykənən məlumatlar verirəm. Amma konkret qanun pozuntularına yol verən hakimlər barəsində heç bir tədbir görülmür. Onlar da öz qanunsuzluqlarını hər gün davam etdirirlər. Digər yüksək vəzifəli şəxslər barəsində də mətbuatda minlərlə materiallar dərc edilir. Əgər bu qanunsuzluqlara baxmayaraq, onlara qarşı hər hansı tədbir görülmürsə, hansı ictimai nəzarətdən söhbət gedə bilər?!”
Müzəffər Baxışov deyir ki, normal cəmiyyətlərdə vəzifəli şəxslərin yol verdiklərinə qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunması hallarına tez-tez rast gəlinir. Bizdə isə bunun əksini müşahidə edirik: “Bizim cəmiyyətdə sanki korrupsiya faktları, rüşvət almaq normal qəbul olunur. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, nazir sadə vətəndaşdan yaxşı yaşamalıdır. Vəzifəli şəxsin korrupsiya hərəkətlərinə cəmiyyət haqq qazandırır. Bütün bu dediklərimi nəzərə alaraq, düşünürəm ki, sözügedən qanunun heç bir effekti olmayacaq. Ictimai nəzarət vasitəsilə cəmiyyətdə qanunçuluğu bərqərar etmək üçün heç bir tədbir görmək mümkün olmayacaq”.
Nigar